Marandiçinin hayqırtısı bizi oyatmalıdır
- 04 Dek 2024 14:25
- 187
“Turan Tovuz”un moldovalı futbolçusu Denis Marandiçinin hayqırtısı evimizin içinə qədər gəldi. Xatırladıqca, halım yenidən pisləşir, tüklərim biz-biz olur. Dəqiqələrlə ağrılar içində qalan, inildəyən Marandiçin kömək gözlədiyi vaxt təcili yardım maşını meydançaya daxil oldu. Di gəl ki, maşının qapısını açmaq uzun müddət mümkün olmadı. Bu görüntüləri ürəkağrısıyla izləyirdik. Tibb personalı çaşqınlıqlıq içindəydi. Hələ şükürlər olsun ki, onlar qan görməmişdilər. Bizə gəlib çatan görüntülərdən belə başa düşdük ki, təcili yardım maşınının arxa qapılarını kimsə yan qapıdan içəri girərək açdı.
Bəlkə normalda elə olmalıdır, təcili tibbi yardım maşınına xərək yerləşdirmək üçün arxa qapıları içərdən açmaq lazımdı. Mən dəqiqini bilmirəm. Dəqiq bildiyim bir şey var ki, maşının və ayağı sınmış futbolçunun başına toplaşanlar nə edəcəklərini bilmirdilər, sanki özlərini itirmişdilər.
Buna qədər mən iki dəfə meydanda futbolçunun ayağının sınmasına canlı şahid olmuşdum. Birincidə Vadim Vasilyev o vaxtlar gənc olan və Azərbaycan futbolunun gələcəyi hesab edilən Rinat Abdaşovun ayağını sındırmışdı. Rinatın tribunada əyləşən hərbiçi atası yerində dura bilməyib, dəmir çəpərin üzərində meydana daxil olmuşdu. Onun da köməyi ilə Rinatı meydandan apardılar. Gənc futbolçu sonradan sağlığına qovuşsa da, daha əvvəlki kimi oynaya bilmədi, karyerasını da tez bitirdi. İkinci hadisədə isə “Rəvan”ın müdafiəçisi Novruz Məmmədovla toqquşan “Neftçi”nin braziliyalısı Flavinyonun ayağı sındı. Tahir Süleymanovun müşayəti ilə Salyan xəstəxanasına aparılan “sambaçı”nın bəxti onda gətirdi ki, Bakıya elə də uzaq rayonda deyildi. Ona görə də təcili Bakıya çatdırıldı, lazımı tibbi yardım ala bildi.
Bu baxımdan Denisin işi bir az çətin idi. Tovuz Bakıdan xeyli uzaqdır. Ağrılar içində xəstəni Tovuzdan Bakıya gətirənə qədər iş-işdən keçər. Yaxşı ki, yaxınlıqlda yerləşən Gəncədə ilkin tibbi yardım göstərmək üçün şəraiti olan klinika var imiş. Denis Marandiçi əvvəl ora gətiriblər, daha sonra isə futbolçunu Bakıya yola salıblar. Ümid edək ki, “Turan Tovuz”un futbolçusunun ağrıları artıq azalıb və tezliklə tam sağalıb “yaşıl meydanlara” dönəcək.
Bu hadisə klub rəsmilərinin, AFFA və PFL rəsmilərinin, eyni zamanda da stadionlara göndərilən tibbi personalın daha diqqətli davranmalı olduğunu göstərir. Stadionlara göndərilən təcili tibbi yardım maşınları maket kimi orda dayanmamalı, ayıq-sayıq olmalıdır. Yola çıxmazdan əvvəl maşınların sazlığı yoxlanmalı, qapılarının açılıb-bağlandığına baxılmalıdır. Həm də stadionlara gələn tibbi işçiləri baş verə biləcək hadisələrdən, futbolçuların ən çox hansı xəsarətlərlə üzləşməsindən məlumatlı olmalı, çətin məqamda özlərini itirməməlidirlər. Xüsusən də bölgələrdə diqqətli olmaq vacibdir. Çünki paytaxtdan uzaq yerlərdə ixtisaslı tibbi mərkəzlərinin də sayı azdır. Belədə zədəli futbolçuya ilk yardımın zamanıda və düzgün göstərilməsi çox önəmlidir. Ani diqqətsizlik böyük fəsadlara yol aça bilər.
Unutmaq lazım deyil ki, meydanda olan futbolçuların əksəriyyəti, eləcə də məşqçilərin bir çox əcnəbidir. Onların gözünün önündə səhiyyəmizi biabır etmək olmaz. Futbolumuzun durumu onsuz da bəllidir, heç olmasa həkimlərimizin nüfuzu düşməsin. Yoxsa Azərbaycana normal legioner gətirmək daha da çətinləşəcək.