MARAQLIDIR: "Region Liqası"nda oynayacaq komandaya icra hakimiyyəti yox, gənclər evi zamin durub
- 23 Okt 2021 14:00
- 746
2004-cü ildə yaranan, 2012-də isə fəaliyyətini dayandıran “Karvan” yenidən ölkənin futbol ailəsinə qoşulur.
Rekord.az xəbər verir ki, Yevlax təmsilçisi yeni mövsümdən Region Liqasında çıxış edəcək. Komandanın baş məşqçisi Kənan Kərimov football-plus.az-a açıqlamasında bu xəbəri təsdiqləməklə yanaşı, bəzi çətinliklərlə üzləşdiklərini də vurğuladı:
“Karvan” qayıtmadı, qaytardım desəm, daha düzgün olar. Dost-tanışın köməyi sayəsində “Karvan”ın fəaliyyətini bərpa etdim. Stadionla bağlı problemimiz yoxdu. Arenanın rəhbərliyinə müraciət etdim və onlar da sözümü yerə salmadılar. Komandanın əsasını yerli uşaqlar təşkil edir. Mingəçevirdən də ik futbolçu dəvət etmişəm. Sponsor məsələsi həll olunsa, daha güclü heyət formalaşdırmaq mümkündü. Pulsuz komandanın yaşaması, bilirsiz ki, qeyri-mümkündü”.
“Bəs yerli İcra Hakimiyyətindən sizə dəstək yoxdu” sualına Kənan bəy belə cavab verdi:
“Guya hansı rayonun İcra Hakimiyyəti komandaya sponsorluq edir? Bu yöndə mən yalnız Şamaxının icra başçısını göstərə bilərəm. “Şamaxı”nı çalışdıranda İcra Hakimyyəti komandaya dəstək olurdu. Yevlaxın İcra Hakimiyyətinə müraciət etmişəm, indi onlardan cavab gözləyirəm”.
Region Liqasında çıxış etmək istəyən komanda AFFA-ya zəmanət məktubu təqdim etməlidi ki, həmin sənədi də ya komandanın sponsor, ya da təmsil olunduğu bölgənin İcra Hakimiyyəti verməlidi. Yevlaxın İcra Hakimiyyəti Kənan bəyin müraciətinə hələ cavab verməyibsə, komandanın rəsmi sponsoru yoxdusa, “Karvan” AFFA-ya zəmanət məktubunu hansı qurumun adından verib? Kərimovun buna reaksiyası belə oldu:
“Bizə zəmanət məktubunu Gənclər Evi verib. Oranın rəhbəri futbol adamıdı, həm də bizə yaxındı”.