Maşallah Əhmədov Novruz Əzimovu “tələyə salıb”
- 23 Mar 2021 15:00
- 1255
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər “Neftçi”nin formasını geyən, ölkənin sayılıb-seçilən veteranlarından biri olan Maşallah Əhmədovdu.
“4500 rubl getdi, daha bəsdi, vurma”
1979-ci ildə Naxçıvan “Araz”ında oynayırdım. Komandanın baş məşqçisi də Əhməd Ələsgərov idi. Adətən, oyunlardan sonra mən istirahət etmək, asudə vaxtımı ürəyim istəyən kimi keçirmək üçün Ordubada yollanırdım. Şəhərdə hamı məni tanıyırdı deyə, çox hörmət etmək istəyirdilər. Ora-bura qonaq çağırırdılar, mən də əksəriyyətinə “yox” deyə bilmirdim. Ancaq bu dəvətlərin çoxu ürəyimcə olmurdu. Açığı, şəhərdə özümü rahat hiss etmədiyimdən Ordubada - dostum Miri kişinin yanına qaçırdım. Miri kişi çoban idi, ancaq aramız saz idi, onunla möhkəm dostlaşmışdıq. Miri ilə təbiət qoynunda dincəlir, təbii məhsullardan nuş edib istirahətə çəkilirdik. Bir gün yenə Ordubada - onun yanına getmişdim. İkinci gün idi ordaydım, bir də dedilər ki, rayonun bütün milis və prokurorluq əməkdaşları səni axtarır. Onda indiki kimi mobil telefon yox idi ki, istədiyin adamı istədiyin vaxt tapasan. Milislər məni Miri kişinin yatağında tapıb dedilər ki, Naxçıvanın baş prokuroru, generel-mayor Həbib Rzayev səni axtarır. Təcili səni onun yanına aparmalıyıq. Öz-özümə “görəsən, Həbib müəllim məni neyniyir” deyib, milislərin maşınına oturub şəhərə getdim. Otağına girər-girməz qayıtdı ki “hardasan, iki gündü səni axtarıram. Xankəndi “Qarabağ”ı iki gündü Naxçıvandadı. Yəqin onların qorxusundan hərəniz bir tərəfdə gizlənmisiz” söyləyib, əsəbi şəkildə mənə oturmağı əmr etdi. Həmin tur biz öz meydanımızda “Qarabağ”la oynamalıydıq. Əbilzadə də Xankəndi komandasının baş məşqçisi idi. Və tərslikdən oyun günü onun 50 yaşı olurdu. Komanda üzvləri öz aralarında baş məşqçinin yubileyini təbrik etmək üçün bizə qalib gələcəklərinə söz veribmişlər. Bu da çatıb Həbib müəllimin qulağına. Naxçıvana da iki gün öncə ona görə gəliblər ki, yerli iqlimə uyğunlaşsınlar. Prokuror bütün bunları mənə deyəndə “narahat olmayın, siz sözünüzü deyin” söylədim. Mənə cavab olaraq “nə söz” deyib, üzümə baxdı. Mən də “siz deyin ki, qələbəyə nə qədər mükafat verəcəksiz, qol vuran nə qədər alacaq, məhsuldar ötürmənin qiyməti nədi, qapıçı qol buraxmasa, ona nə vercəksiz” dedim. Bir anlıq fikirləşib qayıtdı ki, “bir qolun qiyməti 1500 rubldu, ancaq uduzsaz, gözümə görünməyin, mən bilirəm sizi necə cəzalandıracam” deyib məni yola saldı. Oyun günü yetişib, stadionda iynə atsan, yerə düşməz. Matçın 4-cü dəqiqəsində uzaqdan zərbə ilə hesabı açdım. Tribunaya qaçaraq əlimlə “1” göstərdim. 18-ci dəqiqədə dublumu rəsmiləşdirdim və bu dəfə Həbib müəllim əyləşən tribunaya tərəf gedib “2” göstərdim, o da məni alqışlayır. Özlüyümdə fikirləşirəm ki, artıq 3 min rublum var. 38-ci dəqiqədə çoxgedişli kombinasiyadan sonra cərimə meydançasının daxilində mənə ötürmə etdilər və bir toxunuşla toru silkələdim. Yenə tribunaya qaçıb general-mayora “3” göstərdim. O bu dəfə də məni alqışlasa da, birdən əllərini çarpaz formada tutub nəsə dedi, ancaq mən eşitmədim. Həmin qarşılaşmada 7:2 hesabıyla qalib gəldik. Əhməd Ələsgərovun qorxusundan uduza bilərdik?! Matçdan sonra prokuror bizi təbrik etmək üçün yanımıza gələndə 3-cü qoldakı hərəkətini anlamadığımı bildirdim. Çəpəki mənə baxıb “3-cü qolu vuranda əlimlə elə göstərib 4500 rubl getdi, daha bəsdi, vurma” demək istəyirdim. Söz verdiyi kimi həmin qələbəyə görə bütün komandanı mükafatlandırdı, mənə çatacaq pulu isə elə yerində verdi.
“İstədim Çivadzeni göstərim, gördüm o da bunun yanında cəngavərdi”
Bir dəfə Tiflisdə “Dinamo”ya qarşı oynayırdıq. Epizodların birində elə alındı ki, mən sağ, İsgəndər Cavadov isə sol cinaha tərəf sürətlə qaçmağa başladı. Mərkəzdə boşluğun yarandığını görən Səməd Qurbanov topla rəqibin cərimə meydançasına tərəf şığıdı. Bilirsiz ki, sürətli olduğu üçün ona “Jiquli” ləqəbi verilmişdi. İndi Səməd qaçır, “Dinamo”nun müdafiəçiləri də bunun dalınca düşüblər. Arada mən “Səməd, geri baxma” deyirəm ki, arxaya boylanmasın. Belədə həm sürətini azalda bilərdi, həm də ona çatmaqda olan Kanteladzeni görəcəkdi. Onun da yalan olmasın, 2 metrə yaxın boyu var idi. Çox da cüssəli müdafiəçi idi. Cərimə meydançasının yaxınlığında Kanteladze Qurbanovu çox pis vurub yerə sərdi. Səməd ağrıdan qıvrılırdı. Həkimlərin yardımından sonra çətinliklə ayağa duran Səməd çox əsəbi formada, sanki onu yıxanı vuracaqmış kimi üzünü mənə tutaraq, “məni kim vurdu” deyib, həmin futbolçunu göstərməyimi istədi. Bir Kanteladzeyə baxdım, bir də Səmədə. Kanteladzenin yanında Səməd çox zəif görünürdü. Onun üstünə getsə, gürcü bunu bükəcəkdi. İstədim Çivadzeni göstərim, gördüm o da bunun yanında cəngavərdi. Bir anlıq meydana baxıb bizdən xeyli aralıda dayanan, Qurbanov kimi bəstəboy futbolçunu nişan verdim. Səməd gördü ki, həmin oyunçu bizdən çox aralıdı, ona tərəf getməyi lazım bilmədi. Və beləcə təhlükə sovuşdu.
“Bütün stadion sevinir, rəqib məyus olub, biz isə çaşıb qalmışıq”
Əhməd Ələsgərov məşqlərdə bizi standart vəziyyətlər üzərində işlədirdi. Tapşırıqlardan biri belə idi ki, cərimə zərbəsi zamanı mən bir tərəfə, İsgəndər əks tərəfə qaçmalıydı. Səməd Qurbanov da vəziyyətə uyğun kim yaxşı mövqedə idisə, topu ona ötürməliydi. Həftəboyu bunun üzərində məşqlərdə işlədik, təkrar-təkrar yerinə yetirdik. O qədər təkrarlamışdıq ki, artıq Səmədin baxışından bilirdik ki, topu kimə ötürəcək. Həftəsonu evdə adını xatırlamadığım komanda ilə qarşılaşırdıq. İkinci hissənin ortalarında təxminən 30 metrdən cərimə zərbəsi vurmaq hüququ qazandıq. Bu bizim üzərində işlədiyimiz tapşırıq idi. Oyunda da hələ qol vurulmayıb. Səməd topun arxasına keçdi, hakim fitini çaldı. Mən sağa, Cavadov sola qaçıb Qurbanovdan ötürmə gözləyirdik ki, Asif Əliyev heç kimin gözləmədiyi anda duran topa yaxınlaşıb qüvvətli zərbə ilə onu “9-luğ”a sancdı. İndi bütün stadion sevinir, rəqib məyus olub, biz isə çaşıb qalmışıq. Baş məşqçinin tapşırığı yerinə yetirilməyib. Rəhmətlik Əhməd Ələsgərov isə belə şeyləri xoşlamazdı. İsgəndər, Səməd və mən bilmirik nə edək. Bir həftə dayanmadan “ev tapşırığı” üzərində işlə, bu da belə... Elə bu vaxt Asif bizə baxaraq, “nə donub qalmısız, gəlin təbrik edin də, qol vurmuşam” söylədi. Sanki hər üçümüz yuxudan ayıldıq. Onun sözlərindən sonra komanda yoldaşlarımıza qoşulub, qol sevincini bölüşdük.
“Məni yumruqla vuranı göstərin, mən də onu vuracam”
Almatıda “Kayrat”la oynayırdıq. Onların heyətində Yevstafi Pəhləvanidi adlı futbolçu çıxış edirdi. Çox güclü zərbələrə malik idi. O vaxt Asif Əliyevin, Elbrus Abbasovun, qazaxların adını çəkdiyim futbolçusunun çox güclü zərbələri var idi. Hər qapıçı onların zərbələrini dəf edə bilmirdi. Nə isə, bu oyunda təxminən 25 metrdən bizim qapıya cərimə zərbəsi təyin olundu. Tapşırığa uyğun olaraq, standart vəziyyətlərdə mən və bir neçə futbolçu “canlı sədd” qurmalıyıq. Bilirəm ki, qazaxlarda cərimə zərbələrini Pəhləvanidi yerinə yetirir və zərbəsi də çox güclüdü. Top kimi “tutsa”, o dünyanı görüb gəlir. Bizimkilər “canlı sədd”i quranda guya butsların ipini bağlayırmışam kimi yerə əyildim. Bir neçə saniyə udmaq istəyirdim ki, yerimə kimsə “canlı sədd”ə keçsin. Elə başımı qaldırmışdım ki, gördüm Novruz Əzimov yerimi tutdu. Pəhləvanidinin zərbəsi də tərslikdən Novruza dəydi. Top ona dəyən kimi Əzimov özündən getdi. İndi həkimlər naşatır spirti ilə onu oyadırlar, özünə gələn kimi bir də gedir. Bu hal üç-dörd dəfə təkrarlandı və nəhayət, çətinliklə də olsa, Novruzu özünə gətirə bildilər. Ayılandan sonra Novruz başladı ki, məni kimsə yumruqla vurdu. İndi biz ona başa salmağa çalışırıq ki, sənə top dəyib, heç kim səni vurmayıb. Əzimov inanmır ki inanmır. Başlayıb ki, məni yumruqla vuranı göstərin, mən də onu vuracam. Ora-bura boylanır, “Kayrat”ın oyunçularından bir-bir soruşur. Onlar da deyirlər ki, sənə top dəydi. Çox çətinliklə Novruzu inandıra bildik ki, məhz Pəhləvanidinin zərbəsindən sonra huşunu itirib. İkinci dövrədə Əzimovun intiqamını qazaxlardan aldıq. Bakıda onları 6:0 hesabıyla məğlub etdik. ("Futbol plus")