"MASTER CUP SUMQAYIT"dan Qətərə qədər uzanan yol
- 29 Dek 2023 11:00
- 761
"Sumqayıt" Futbol Akademiyasının təməl qrupları haqqında olan layihəmizin növbəti yazısı U-12 komandasına həsr olunur.
Rekord.az xəbər verir ki, "Sumqayıt"ın U-12 komandasına Elşad Eyvazov rəhbərlik edir.
Eyvazov uzun illərdi "Sumqayıt" Futbol Akademiyasında çalışır və yuxarı yaş qruplarından ibarət komandalara ən çox futbolçu verən məşqçidir. Bizimlə söhbətində bildirdiyinə görə, hər il bu yaş qrupuna seçiçlər olur və istedadlı uşaqlar məşqçilər tərəfindən diqqətlə seçilərək akademiyanın məşqlərinə cəlb olunur. Məşqlər plan üzrə tərtib olunur və bölünür: illik məşq planı, aylıq məşq planı və həftəlik məşq planı. Bu plan akademiyanın direktoru Hakan Sünal tərəfindən təsdiqlənir və baş məşqçinin hazırladığı qrafik üzrə icra olunur. Həmin plana, qrafikə görə U-12 komandası həftə ərzində dörd dəfə məşq edir və bir dəfə oyuna çıxır. Məşqlərin hər biri 90 dəqiqə, oyunlar isə 60 dəqiqə olur. Oyunlar bir növbəti gün konfrans zalında video analiz şəklində geniş təhlil olunur. Hazırda U-12 komandasında 18 futbolçu yer alıb. Bütün futbolçular formalar və geyim dəstləri ilə təmənnasız təmin olunur.
Baş məşqçi komandası üçün yardılan şəraitdən də razıdı. Belə ki, U-12 komandası həm açıq havada, geniş meydançada, həm də fitness zalında məşq etmək imkanına malikdir. Məşqlər texniki-taktiki və fiziki planda aparılır. Futbolçular bütün istiqamətlər üzrə inkişafı nəzərdə alınıb. Top qəbulu və ötürmədən tutmuş, kordinasiyaya qədər. Keçidlər, arxadan oyunun qurulması, koordinasiyalı hücum, sürət, cədlik, çeviklik və s. hamısı uşaqlara dəqiqliklə izah edilir.
Uşaqlar akademiyanın mətbəxində yeməklə də təmin olunur. U-12 AFFA bayrağı altında keçirilən yarışların Bakı zonasında mübarizə aparır. Bu yaşda olan komandaların oyunlarında isə nəticələr hesablanmır. UEFA-nın tövsiyyəsi və AFFA-nın qərarı ilə U-8-dən U-12-ə qədər olan liqalarda hesablar qeydə alınmır, yalnlz qələbə, heç-heçə və məğlubiyyətlərin sayı hesablanır. Daxili çempionatdan əlavə Eyvazovun komandası "MASTER CUP SUMQAYIT"ın da iştirakçılarından biridir.
U-12 komandası tək daxili yarışlarla kifayətlənmir. Tək bu ildə komanda iki dəfə ölkə xaricində keçirilən turnirdə iştirak edib. Bu turnirlərdən biri Türkiyədə keçirilən "MAXWELL CUP", digəri isə Qətərdə "ASPİRE FOOTBALL ACADEMY"-ə qarşı keçirilən yoldaşlıq matçıdır. Sözsüz ki, bu cür turnirlər, oyunlar uşaqların gələcək inkişafında böyük rol oynayacaq.
Son olaraq isə, “Sumqayıt” Futbol Akademiyasının U-12 komandası ölkəmizdə səfərdə olan İranın “İstiqlal” Futbol Akademiyasından olan həmyaşıdları ilə yoxlama oyunu keçirib. Elşad Eyvazovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmada rəqibi üzərində 7:1 hesabı ilə qələbə qazanıb
Anar XANLAROV