Futbol üzrə Fransa yığması daha bir ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın əsas hücumçularından biri Kilian Mbappe zədəli olduğu üçün millinin heyətindən çıxarılıb.

Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Formasını geyindiyi PSJ-dən milliyə zədəli gələn gənc forvardın qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyi dəqiqləşib. Bu üzdən də o, yığmanın düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb.

Baş məşqçi Didye Deşam 20 yaşlı ulduz futbolçunun əvəzində milliyə Münhenqladbax “Borussiya”sında çıxış edən Alassane Pleanı dəvət edib.

Xatırladaq ki, son dünya çempionu olan Fransa yığmasında bir neçə gün əvvəl qapıçı Uqo Lyoris də zədə səbəbindən heyətdən çıxarılmışdı.

Fransa yığması oktyabrın 11-də İslandiya, 14-də isə Türkiyə yığması ilə qarşılaşacaq.