Mbodj: "Top düz başıma gəlir, mən də qol vururam" MÜSAHİBƏ
- 17 Fev 2020 14:26
- 780
"Neftçi"nin futbolçusu Mamadu Mbodj Azərbaycan Premyer Liqasının 17-ci turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Olduqca vacib oyun idi. "Keşlə" çox güclü rəqibdir. Biz tam olaraq oyuna kökləndik. Nəticəni də özünüz gördünüz.
- Bu uğurlu oyunlar seriyasının davamı gələcəkmi? "Qarabağ"la xal fərqiniz 8-ə bərabərdir. Çempionatın sonuna da hələ var. Fərqi aradan qaldıra bilərsinizmi?
- Təbii ki, bizim məqsədimiz "Qarabağ"a çatmaqdır. Biz hər oyunda qələbə qazanmaq üçün hər şey edəcəyik.
- Qış fasiləsindən sonra mütəmadi olaraq oynamağa başlamısınız. Hətta, bu gün qol da vurmusunuz. Bunun bir səbəbi var - Roberto Bordin. İtaliyalı mütəxəssisin gedişinə sevinirsinizmi?
- Onu deyə bilərəm ki, Roberto Bordin məni "Neftçi"yə gətirən insanlardan biri idi. Yəni, o, dedi ki, mən ona lazımam. Mənim Bordinlə heç bir problemim yox idi. Sadəcə bu, seçim məsələsidir. O, başqa futbolçuları seçirdi. Hərdən bir mən də oynayırdım. Aramızda şəxsi problem yox idi. Mənə tez-tez Bordin haqqında suallar verirlər. İstəmirəm ki, mənə belə suallar verilsin.
- Bəs, Bordinin gedişinə məyus oldunuz?
- Mən bu suala cavab verməyəcəm.
- Baş zərbəsi ilə qol vurdunuz. Müdafiəçisiniz, amma növbəti dəfə fərqləndiniz. Özünüzü necə hiss edirsiniz?
- Əlbəttə ki, qola görə sevinirəm. Bu sırf mənim işim deyil. Amma mənim qollarım komandaya kömək edirsə, onda mən təbii ki, xoşbəxtəm. Burada bəxt amili də var. Küncdən zərbələrə çıxıram, top düz başıma gəlir, sonra da qol vururam. Amma qol vurmaq sırf mənim işim deyil.