Medinanı hansı cəza gözləyir?
- 15 Fev 2021 10:00
- 1766
Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin müdafiəçisi Kevin Medinanı ağır cəza gözləyir.
Rekord.az-ın xəbərinə görə, kolumbiyalı futbolçu matçın 73-cü dəqiqəsində rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Qaydaya əsasən, belə hərəkət bir futbolçu tərəfindən digər futbolçuya qarşı yönəlirsə, onu 3-4 oyunluq cəza gözləyir.
Matçın 22-ci dəqiqəsində Maksim Medvedyevə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Ömər Buludova isə 2 oyunluq cəza verilə bilər. Azərbaycan derbisində 2-ci sarı vərəqədən sonra "qırmızı" alan "Neftçi"nin digər oyunçuları Mamadu Kane və Voyislav Stankoviçə isə 1 oyunluq cəza veriləcək.
Qeyd edək ki, qərarları AFFA İntizam Komitəsinin gələn həftə açıqlayacağı gözlənilir.