Son turda “Neftçi” səfərdə “Qarabağ”ı məğlub edərək, zirvəyə yüksəldi. Şəxsən mənim üçün gözlənilməz və sensassiyalı nəticə olmadı. Samir Abasovun gəlişindən sonra “ağ qaralar”da oyun planında yüksəlişin olacağını proqnozlaşdırmışdım. Düzdür, bu qələbə ilə çempionluqdan danışmaq çox tezdir. Nəzərə alsaq ki, hələ bu komamdaların öz aralarında daha bir oyunu olacaq, o zaman əsl mübarizənin irəlidə olduğunu düşünmək olar. Toxunmaq istıdiyim nədir? Bu oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı müxtəlif tənqidlər oldu. Qurbanovu müdafiə, hətta qorxaq taktika seçməkdə ittiham edənlər də oldu. Hər kəsin şəxsi fikri, oyuna baxış bucağı ola bilər. Kiminsə fikirlərinə müdaxilə etmək, şərh vermək fikrində deyiləm. 

 

Mənim düşüncəm isə tamam başqadır. “Qarabağ”ın məğlubiyyətini qətiyyən Qurbanov amili ilə bağlamazdım. Oturub oyunu dərindən təhlil etsək, tamam fərqli nəticəni görərik. Bəli, oyunun ortalarında “Neftçi” 10 nəfərlə qalır və buna baxmayaraq, hesabı açır. Normaldı, o qədər oyunlar olub ki, 10 nəfərə qalan komandalar qol vurub. 2005-ci ildə həmin bu “Qarabağ” 9 nəfərlə qala-qala “Bakı”ya qol vurub oyundan 1 xal götürmüşdü. Bu oyunda da “Neftçi” meydançanın özünə aid hissəsindən uzun hava ötürməsi ilə topu müdafiəçilərin arxasına atıb sürətli Namiq Ələsgərovun  sayəsində qol vurdu. Bu qola görə Qurbanovda taktiki səhv axtarmaq düzgün olmazdı. Səhv Ələsgərovla bacarmayan milli üzvləri Bədavi ilə Maksimdə idi.

 

İkinci hissədə Qurbanov lazım olan taktikanı oyuna oturtdu. Bunun nəticəsində “Qarabağ” tədricən üstünlüyə yiyələnib hesabı bərabərləşdirdi. Bundan sonra hər şeyin plana uyğun, Ağdam klubunun və Qurbanovun istədiyi tərzdə getdiyi bir vaxtda Medina kimi bivec bir futbolçu axmaqlıq edirsə, Qurban Qurbanov burda neyləsin? Məgər hər şeyin “Qarabağ”ın istədiyi kimi getdiyi bir vaxtda provakasiyaya gedib rəqib futbolçuya kəllə atmağı Qurbanov tapşırmışdı? Medina hoqqabazlıq edib, hər şeyi alt-üst edirsə, qırmızı vərəqə alıb meydançadan qovulursa, ən əsası, rəqibə penalti və hesabda önə keçmək şansı yaradırsa, Qurbanov buna neyləsin? Əslində burda əsas günahkar kolumbiyalı futbolçudur. Sadəcə, Qurban Medinaya görə qurbana çevirildi və tənqid hədəfinə düşdü. Sual oluna bilər ki, 1:2-dən sonra hansısa taktiki gediş edib məğlubiyyətdən qaçmaq olmazdımı, bəli, olardı. Amma bu, alınmayıbsa, buna görə Qurbanovu zəif məşqçi adlandırmaq da gülünc olardı. Həm unutmayaq ki, əks düşərgədə də ambisiyalı, aqressiv, bir an belə durmadan öz üzərində işləyən, özünü sübut etmək üçün alışıb-yanan Samir Abasov var idi. Samir da sırradan bir məşqçi deyil və təbii ki, 2:1 önə keçəndən sonra o da hesabı saxlamaq üçün oyuna öz müdaxiləsini etdi. Yəqin ki, Qurbanov bu hoqqbazlığına, dikbaşlığına görə, Medinaya lazım olan dərsi verəcək...

 

Anar XANLAROV