Medvedev karyerasını bitirdi
- 02 İyn 2024 22:24
- 211
“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, Azərbaycan kubokunun bu gün keçirilən “Qarabağ” - “Zirə” final matçı Medvedev üçün sonuncu oyun olub.
Görüşdən əvvəl “Qarabağ”ın prezidenti Tahir Gözəl və direktoru Emrah Çelikel Medvedevə xatirə hədiyyəsi təqdim edib.
Millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib. O, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.
Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.
Maksim avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub. Maksim eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. O, eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.