“Qarabağ”ın “Gent”ə məğlub olaraq UEFA Konfrans Liqasında mübarizəni dayandırması hamımızı üzdü. Əlbəttə, məğlubiyyətin üzüntüsü ilə azarkeşlərin üsyan etməsi, bəzi mütəxəssislərin komandanın baş məşqçisi Qurban Qurbanovu və klub rəhbərliyini tənqid atəşinə tutması normaldı. Məğlubiyyət varsa, onun səbəbləri də var. Odur ki, azarkeşlərin narazılığına, mütəxəssis rolunda çıxış edənlərin tənqidlərinə normal yanaşmaq lazımdı.


Şotlandiyalı hakim Uilyam Kollamın final fiti səslənəndən bəri baş verənləri, deyilənləri, yazılanları diqqətlə izləyirəm. Göründüyü kimi, azarkeşlərimiz “Qarabağ”dan daha artığını gözləyirlərmiş. “Köhlən atlar” Bakıda Belçika təmsilçisini məğlub etməklə bu rəqibi keçmək gücündə olduğunu göstərmişdi. Özü də Bakıdakı oyunda belçikalılar “Qarabağ”ın qapısına doğru bircə kəsərli hücum belə edə bilməmiş, gürcü qapıçı Luka Quqeşaşvilinin qoruduğu “çərçivə”yə zərbə endirməyi bacarmamışdılar. Halbuki, oyundan əvvəl böyük bir narahatçılıq vardı, elə həmin qrup azarkeşlər və mütəxəssislər “Qarabağ”ın oyuna qapıçısız çıxdığını, azı bir qol buraxacağını iddia edirdilər. Tofiq Bəhramovun adını daşıyan stadionda keçirilən oyundakı yeganə üzücü məqam Ramil Şeydayevin penaltidən istifadə edə bilməməsi oldu. Zaman da sübut etdi ki, “Qarabağ” səfərə bir yox, iki top üstünlüyü ilə yollansaydı, hər şey bizim üçün başqa cür yekunlaşardı. Bunu dəqiq demək mümkün olmasa da, böyük ehtimalla indi turu keçən tərəf “Qarabağ” idi.


Deyirik ki, Kadi Borges olsaydı, “Qarabağ” “Genti” keçəcəkdi. Burda reallıq hissini bir qədər itirmişik kimi oluruq. “Qarabağ” Kadinin oynadığı oyunlarda heç uduzmayıbmı? Bir məqama diqqət yetirək. “Gent”lə “Qarabağ” qarşılaşan gün Kadinin yeni komandası “Krasnodar” Moskva ÇSKA-sına qonaq getmişdi. Sabiq “Qarabağ”lının ilk dəqiqələrdən meydanda olduğu görüşdə “Krasnodar” 0:3 hesabıyla uduzdu. Bir az qeyri-ciddi müqayisə kimi görünə bilər. Sadəcə, onu demək istəyirəm ki, Kadinin hansısa fövqəlgücü yoxdu. Kadi həmin gün “Krasnodar”ın yox, “Qarabağ”ın heyətində meydanda ola bilərdi. Amma yenə də heç bir təminat yox idi ki, braziliyalı futbolçu bütün komandanı arxasınca aparacaqdı, “Gent”in daşını daş üstündə qoymayacaqdı. Ona görə də Kadinin satılmasına, buna görə klubun büdcəsinə milyonlarla avro vəsait gəlməsinə görə kimisə qınamaq olmaz. Futbol təkcə həvəs, ehtiras, qələbə sevinci deyil, həm də biznesdi. Bu gün qazanmalısan ki, sabah xərcləməyə nəsə tapasan. 


Bu sözlər elə Ovusuya da aiddi, İbrahima Vadjiyə də. Ümumiyyətlə, dünyada nə məğlubedilməz futbolçu var, nə də məğlubedilməz komanda. “Barselona” İspaniya çempionatında rəqib tanımır. Kataloniya təmsilçisinin etibarlı qapıçısı da var, məhsuldar hücum xətti də. Amma onlar da avrokuboklarda mübarizəni dayandırdılar. Özü də adət etmədikləri bir tunirdə, Avropa Liqasında. “Qarabağ” Çempionlar Liqasında uduzub, Avropa Liqasında yoluna davam edəndə azərbaycanlı futbol azarkeşləri buna ağız büzür. İndi həmin adamlar “Qarabağ”ı UEFA Konfrans Liqasının finalına qədər gedə bilmədiyinə görə şiddətlə qınayırlar. Guya ki, “Qarabağ” rəhbərliyi, Qurban Qurbanov və onun futbolçuları bu uğuru istəmirmiş. Məntiq hardadı? Kim qələbədən və onun gətirdiyi maddi qazancdan imtina edər?
İki gün sonra “Qarabağ” ölkənin ən köklü komandası “Neftçi”ni qəbul edir. “Qarabağ” bu dəfə də “Neftçi”ni “Azərsun Arena”dan xalsız yola salsa, reallıqla barışın, növbəti avrokubok mövsümünə ürəklə hazırlaşın!