Futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində evdə Çexiya “Slovan”ına məğlub olan Rumıniya "Styaua"sı matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazıdır. 

Rekord.az xəbər verir ki, bu barədə klubun idman direktoru Mixay Stoyka yerli mətbuata açıqlamasında bildirib. 

Klub rəsmisi 0:2 hesabı ilə uduzduqları görüş üçün FIFA referisini günahlandırıb. Stoyka Ağayevin qarşılaşmada düzgün qərarlar vermədiyini iddia edib:

“Matçın əvvəlində Ovidiu Perianuya qarşı kobudluq oldu. Futbolçu bəlkə də, normal şəkildə yerə yıxılmadı. Amma penalti verilə bilərdi, hakim isə simulyasiyaya görə futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı. Halbuki bu penalti idi. 20-ci dəqiqədə Ştefan Kana qayda pozuntusuna görə qırmızı vərəqə aldı və meydandan kənarlaşdırıldı. Lakin orada çiyin-çiyinə mübarizə var idi".

Qeyd edək ki, Əliyar Ağayev sözügedən qarşılaşmada "Styaua"nın 2, "Slovan"ın isə 3 futbolçusuna sarı vərəqə də göstərib.