Mehman Allahverdiyev: "AFFA-da jeleli, pudralılar yox, futbolun içindən çıxanlar çalışmalıdı" MÜSAHİBƏ
- 12 Sen 2020 17:00
- 929
Rekord.az xəbər verir ki, Gəncə futbolunun “xaç atası” sayılan Mehman Allahverdiyevdən çoxdan səs-soraq yox idi. Dünən onu arayıb, söhbətləşməyi lazım bildik. Mehman bəy sanki zəngimizi gözləyirdi. Ürəyi dolu olan veteran futbolçu bizimlə söhbətdə bir çox mətləblərə toxundu.
- Necəsiz, futbolsuz darıxmırsız ki?
- Allaha şükür, salamatçılıqdı. O ki qaldı “futbolsuz darıxmırsız” sualına, niyə darıxmıram?! Həyatının böyük hissəsi futbola bağlı olan insan indi sevdiyi sahədən uzaq düşübsə, deməli, onun üçün çox çətindi. Səbrlə oturub yenidən canımdan çox sevdiyim “Kəpəz”ə, ümumiyyətlə, futbola dönəcəyim günü gözləyirəm.
- Artıq iki ildən çoxdu o günü gözləyirsiz. Ancaq nədənsə sizi yada salan yoxdu...
- Hələ də Gəncədə bəziləri elə bilir ki, özüm kluba qayıtmaq istəmirəm. Məsələn, bugünlərdə şəhərin sayılıb-seçilən adamlarından biri ilə üz-üzə gəldim. Salamlaşıb, kef-əhval tutandan sonra qayıtdı ki, “niyə “Kəpəz”i yetim qoyub, kənarda dayanmısan? Sən o komandaya qayıtmasan, ora düzəlməyəcək. Daşı ətəyindən tök və “Kəpəz”ə dön”. İstədim deyəm ki, “məni klubdan uzaqlaşdırıblar”, ancaq nədənsə onun qanını qaraltmaq istəmədim. Bu gün də azarkeşlər məni görəndə “Kəpəz”in mənsiz uğur qazanmayacağını söyləyirlər. Bütün Gəncəbasar bunu bilir, ancaq AFFA-da oturanlar dərk etmir. Bəlkə də bilirlər, sadəcə, özlərini elə aparaırlar ki, guya heç nədən xəbərləri yoxdu.
- Sözlərinizdən belə başa düşmək olar ki, siz də AFFA rəhbərliyindən narazılar cərgəsindəsiz?
- Nədən razı olum? Ondan ki, həyatını futbola həsr edən biri kimi neçə vaxtdı işsizəm? Mənə, başqa veteranlara belə münasibət yolverilməzdi.
- Bugünlərdə dünyasını dəyişən veteran futbolçu Arzu Mirzəyev də “futbolda işləmək istəyirəm” deyərək, haqqın dərgahına qovuşdu...
- Balıq susuz qala bilmədiyi kimi, futbol adamı da futbolsuz qala bilmir. Bunu veteran futbolçular çox gözəl bilirlər. Arzu çox şey istəmirdi ki… Deyirdi, mənə sevdiyim və bildiyim sahədə bir iş verin, çalışım. Təəssüf ki, onun kimilərin, unudulanların sayı gündən-günə artır. Futbol təsərrüfatına rəhbərlik edənlərin isə bu vecinə deyil. Onları başqa məsələlər maraqlandırır. Hərdən mənə elə gəlir, AFFA rəhbərliyi bilərəkdən yanlarıına futboldan anlayışı olmayanları götürürlər ki, səhv addım atanda, yanlışlığa yol verəndə onlara heç nə deməsinlər. AFFA-da jeleli, pudralılar yox, futbolun içindən çıxan, bu sahənin bütün incəliklərindən xəbərdar olanlar çalışmalıdı.
- Bugünlərdə futbol veteranı, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev veteranlar adından çıxış edərək “Matç” telekanalında şərhçi kimi çalışan, Lüksemburqla oyundan sonra AFFA rəhbərliyinin getməli olduğunu bildirən həmyerlimiz Elvin Kərimovu qınayıb, telekanal rəhbərliyinə müraciətlə onun yığmanın oyunlarını şərh etməsinə qadağa qoyulmasını tələb edib. Sizcə, Tuayev bu məsələdə haqlıdı?
- Kazbek Əliyeviçə veteran futbolçu, məşqçi kimi həmişə hörmətlə yanaşmışam. Vaxtilə Lənkəran “Xəzər”ində, “Neftçi”də rəhbərliyi altında çıxış etmişəm. Ancaq onun ölkənin bütün veteranları adından danışması məni təəccübləndirdi. Şəxsən mənim Rusiya telekanalında çalışan həmyerlimizə heç bir iradım yoxdu. Adam şəxsi fikrini bildirib, real duruma uyğun fikir səsləndirib. Tuayevin birdən-birə belə əsəbləşməsi, AFFA rəhbərliyinin vəkili kimi çıxış etməsi biz veteranlar tərəfindən heç də yaxşı qarşılanmadı. Mən Tuayevə elə səlahiyyət verməmişəm ki, mənim adımdan nəsə desin. Başa düşmürəm, o niyə hamının adından çıxış edir? Məsələ ilə bağlı Veteranlar İttifaqının prezidentinə də müraciət edəcəm. Qoy o da bu məsələyə izahat versin. Bəlkə Bakıda oturanlar elə başa düşürlər ki, paytaxtda olduqlarına görə bölgələrdəki veteranlar adından da danışa bilərlər? Belə şey ola bilməz. Kərimov düz deyib ki, indiki rəhbərliyin yaratdığı sistem yararsızdı.
- Yararsız deyəndə nəyi nəzərdə tutursuz?
- Geridə qalan illərdə görülən işləri. Millinin Lüksemburqla biabırçı oyununu hamı izlədi. Dünən (srağagün) Cənubi Kipri udduq və hamı eyforiyaya qapıldı. Ancaq belə təsadüfi qələbələrlə çox uzağa getmək mümkün olmayacaq. Elə sistem formalaşdırmaq lazımdı ki, belə qələbələr davamlı olsun. Daha ildırım effekti kimi ani parıltıya sevinməyək. Bölgələrdə futbolu inkişaf edirtmək lazımdı. Əks halda heç nəyə nail olmayacağıq. O gün oxudum ki, Lüksemburqun güclülər dəstəsində 16 komanda çıxış edir. Əhalisi və ərazisi bizdən qat-qat aşağı olan ölkədə 16 komanda mübarizə aparır, bizdə isə cəmi 8. Deyirik ki, biz niyə irəli gedə bilmirik? Yığmanın güclü olması üçün ya futbolçularımız legioner həyatı yaşamalıdı, ya da premyer-liqanın səviyyəsini artırmalıyıq. Bunun üçün isə çempionatda daha çox komanda çıxış etməlidi. Bu gün elə sistem formalaşdırıblar ki, 22-23 yaşlı oyunçu artıq “qoca” sayılır və məcburiyyətdən futbolu atmalı olur. Elitada 8 komanda, divizionda da premyer-liqanın “ikincilər”ini nəzərə almasaq, 4-5 kollektiv... Bununla inkişaf olur?
- Canni De Byazinin rəhbərliyi altında yığma Nikosiyada heç də pis təsir bağışlamadı. Ancaq siz yenə ümidsiz danışırsız.
- Yenə deyirəm, belə təsadüfi qələbələrı, xırda uğurları çox görmüşük. Hər seçmə mərhələdə yığmanın yaddaqalan bir oyunu olur. Bəs sonra? Köhnə hamam, köhnə tas. Əcnəbini dəvət edincə, yerli məşqçilərin birinə güvənmək lazım idi. Həmin əcnəbiyə və köməkçilərinə veriləcək pulları isə divizion komandalarına ayırmaq lazımdı. Elitada komanda sayı artırılmalıdı. Bir də ən vacib məqam: veteran futbolçular, bu sahənin mütəxəssisləri kənarda qalmamalıdı, işlə təmin olunmalıdı. Vallah, onların təcrübəsindən maksimum yararlanmaq lazımdı. ("Futbol plus")