Mehr salmışam axı, heyran olmuşam axı... YAZI
- 11 Mar 2020 14:00
- 1383
Şamaxı Azərbaycanın gözəl guşələrindən biridir. Dağlar qoynunda, səfalı bir guşədə yerləşir. Yay aylarında ot dizdən olur. Bİr sözlə, adam baxdıqca heyran olur. Məşhur mahnıda deyildiyi kimi, mehr salmışam axı, heyran olmuşam axı, Şamaxı ay Şamaxı...
Yazıya niyə bu cür gözəlləmə ilə giriş verdim? Son zamanlar Şamaxının adı futbolla da yanaşı çəkilməyə başlayıb. Müstəqilliyin ilk illərində bu rayonda "Şirvan" adlı komanda olub və Gücllər dəstəsində də çıxış edib. Lakin sonradan maddi sıxıntı ucbatından həmin komanda dağılıb və uzun müddət Şamaxıda futbol olmayıb. Ötən ildən isə yeni yaranan "Şamaxı" ilə böyk futbol yenidən bu rayona qayıdıb. "Şamaxı" hazırda "Region Liqası"nın ən iddialı komandalarında hesab olunur. Həm heyətinə, həm də maliyyə durumuna görə. Təsadüfi deyil ki, komandanın baş məşqçisi postunu da millimizin sabiq hücumçusu Kənan Kərimov tutur. Komandanın növbəti mövümdən I Divizionda çıxışı ətrafında da müzakirələr aparılır. Hətta rayonda yeni stadionun tikintisinə də qərar verilib. Elə yazının əsas mövzusu da bu məsələ ilə bağlıdır.
Hansısa bölgəmizdə yeni stadionun tikilməsi müsbət amildi. Bunu hər zaman alqışlamaq lazımdır. Amma...
Bir işin içində ki, AFFA adı varsa, ehtiyatlanmalısan. Çünki heç də hər şey sən istədiyin kimi olmaya bilər. Necə ki, Şamaxıda yeni tikilən stadionda olduğu kimi. Yeni stadionun tikiləcəyi elan olunanda məlum oldu ki, bu stadionu AFFA tikəcək. Bu yaxınlarda isə federasiyanın saytında həmin stadionun tikintisi ilə bağlı tenderin elan olunduğu bildirildi. Tenderlə də işimiz yoxdur. Həmin tenderi kimin udacağı da çoxdan məlumdur. Məsələ ondadır ki, Şamaxıda yeni tikiləcək stadionun qazonu süni örtükl olacaq. Bax mənə görə insanı AFFA adından ehtiyatlandıran da bu idi. Büdcədən futbolun inkişafı adı altında çıxarılaca böyük miqdarda vəsait yenə kimlərinsə biznes marağına xidmət edəcək və kimlərinsə cibinə axacaq. Bunu hamı bilir ki, Azərbaycanda süni meydançalar birbaşa AFFA-nın icraçı vitse-prezident baş katibi Elxan Məmmədovun monoolyasındadır. Ölkəyə gətirilən bütün süni meydançalar Məmmədov və onun yaxın çevrəsi, biznes ortaqları, qohum-əqrabalarının nəzarəti ilə həyata keçirilir. Zərrə qədər şübhə eləmirəm ki, Şamaxıdakı stadionun süni örtüyü də bu xətlə ölkəyə gətiriləcək. Halbuki Şamaxı kimi gözəl təbiəti olan, otun öz-özünə dizə qədər qalxdığı bir məkanda süni meydança salmaq cinayətə bərabər bir şeydir. AFFA niyə bu cinayətə gedir? Kimə lazımdır belə stadion, belə örtük? Məhz illərdi süni örtük biznesini quran cinayətkarların ucbatından ölkədə bir nəfər də olsun normal futbolçu yetişməyib, yüzlərlə gənc futbolçu bu cür örtüklərin yaratdığı məsadlar ucbatından karyeralarını erkən başa vurublar. Bunu bilə-bilə bu cinayəti davam etdirməyin adı nədir? Bəli, Şamaxıda stadion tikiləcək, bəh-bəhlə açılışı da olacaq, həmin açılışda futbolun inkişafından da dəm vurulacaq, yeni stadionun da bu inkişafın göstəricisi olduğu vurğulanacaq. Sonra qırmızı lent kəsiləcək, daha neçə-neçə gənc futbolçunun şikəst olması prosesinə start veriləcək, daha neçə-neçə gənc futbolçu "mensk"in nə olduğunu görəcək, duyacaq...
Mehr salmışam axı, heyran olmuşam axı, Şamaxı ay Şamaxı....
Anar XANLAROV