Meksikalı model və teleaparıcı Vanessa Huppenkoten CAR-da keçirilən DÇ-2010-dan bəri milli komandanı qatıldığı bütün tunirlərdə müşayət edir.

Rekord.az xəbər verir ki, "Şalke 04"ün sabiq qapıçısı Diter Huppenkotenin qızı olan Vanessa atasının yox, anasının vətənini özünə daha doğma sayır. Düzdü, atası ilə Helzenkirhen təmsilçisinin oyunlarına baxmağa necə getdiyindən tez-tez danışır. Amma Almaniyanın onu o qədər də cəlb etmədiyini söyləməkdən çəkinmir. 35 yaşlı cazibədar xanımın yaşadığı ölkənin sərhədlərindən kənarda da bu dərəcədə məşhurlaşmasının səbəbi yalnız xarici görünüşü və futbol jurnalisti qismində fəaliyyət göstərməsi deyil.

Bir müddət Kriştianu Ronaldu ilə sevgili olması Huppenkotenə peşəkar inkişaf baxımından böyük fayda verib. İrina Şeykdən ayrılandan sonra onunla görüşməyə başlayan portuqaliyalı superulduzla qısa sürən münasibət reklam baxımından işə yarayıb. "ESPN Deportes" və "ESPN Mexico" kimi ispandilli telekanallarda uğurlu karyera quran Vanessa "Instagram"da da olduqca fəaldı.