Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının ümumi rəhbərliyi ilə keçiriləcək “Məktəblər arasında respublika çempionatı”na hazırlıqla əlaqədar zonalar üzrə seminarlar keçirilib. “Rekord.az” xəbər verir ki, seminarlarda çempionatın baş hakimlər kollegiyasının üzvləri, idman növləri üzrə baş hakimlər və Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirak ediblər.


Təsdiq edilmiş qrafikə əsasən seminarlar ilk olaraq zonalarda, sonra isə Bakıda rayonlar üzrə yerləşən ümumi orta təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri ilə keçirilib. Bu tədbirlərdə baş hakimlər kollegiyasının üzvləri tərəfindən iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə hayata keçirilməsinin təşkili və sənədləşmə işlərinin hazırlanması ilə bağlı müvafiq tövsiyyələr verilib. Eyni zamanda iştirakçılara çempionatın proqramına daxil olan idman növlərinin keçirilmə qaydaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış metodiki vəsait paylanılıb.

 

Daha sonra AVF-nin İdman şöbəsinin müdiri Elnur Məmmədov, milli komandanın sabiq üzvü, AVF-nin uşaq voleybolu üzrə koordinatoru Yelena Parxomenko və qurumun Mətbuat katibi Şəfəq Kərimova tərəfindən orta təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün hazırlanmış voleybolun inkişafı ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda qarşıdakı planlardan haqqında məlumat verilib, seminar iştirakçılarını maraqlandıran suallar ətraflı izah edilib.


Qeyd edə ki, 2019-2020-ci tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda voleybol idman növü üzrə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin yalnız qızlardan ibarət komandaları (VII və IX siniflərin şagirdləri) iştirak edəcəklər.