Məmmədyarov Aronyana qalib gəldi
- 11 İyl 2022 01:06
- 580
Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə Mayamidə "Çempionlar Turu"nun növbəti mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, turnirin ilk günündə 4 tur oynanılıb.
Məmmədyarov ilk görüşünü Levon Aronyana (ABŞ) qarşı keçirib və qələbə qazanıbsa, Rəcəbov Yan-Kşiştof Dudanı (Polşa) üstələyib.
İkinci turda azərbaycanlı şahmatçılar bir-biri ilə qarşılaşaraq xalı bölüblər. 3-cü turda Şəhriyar növbəti uğurlu nəticəyə imza atıb, Teymur uduzub.
4-cü turda Məmmədyarov bərabərliklə kifayətlənib, Rəcəbov Yu Vençjuna yenilib.
1-ci tur: Məmmədyarov – Aronyan 1:0, Duda – Rəcəbov 0:1
2-ci tur: Rəcəbov – Məmmədyarov 0,5:0,5
3-cü tur: Məmmədyarov – Rapport 1:0, Eriqaisi – Rəcəbov 1:0
4-cü tur: Voytaşek – Məmmədyarov 0,5:0,5, Rəcəbov – Yu Vençjun 0:1
Yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır. Qrossmeysterlərimizin digər rəqibləri Radoslav Voytaşek (Polşa), Aniş Giri (Niderland), Lenyer Dominqes, Samuel Sevyan, Samuel Şenklend, Ceffri Şonq, Hans Niman (hamısı ABŞ), Rixard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vey Yi, Yu Venjun (hər ikisi Çin) və Arjun Eriqaisidir (Hindistan).
Şahmatçılar öncə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk "səkkizlik" pley-offa yüksələcək.
Turnirə iyulun 17-də yekun vurulacaq.