Məmmədyarovdan Rəcəbova dəstək
- 27 Mar 2020 14:20
- 1045
“İddiaçılar Turnirini yarımçıq saxladılar. Yarış bir müddət sonra qaldığı yerdən davam edəcək. Cox təəssüf ki, burada sevinəcək heç bir şey yoxdu”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı sosial şəbəkə hesabı vasitəsi ilə şərh edərkən deyib.
O bildirib ki, Rusiyanın Yekaterinburq şəhərindəki yarışda 8 şahmatçının 7 turdan sonra mübarizəsinin bu formada saxlanılması qəribədi: "Heyf o qədər ev hazırlıqları, debütlər, məşqçilər, komandaya gedən vəsait və zamana. Şahmatçılar öz debüt sirlərini və hazırlıqlarını göstərdilər. Hələ 14 günlük turnirin karantinini demirəm. Amma bu gün FIDE nümayəndələri dedi ki, turnir qaldığı yerdən davam edəcək".
Məmmədyarov məsələnin həlli yolunu da göstərib: "Ümidvaram ki, ali şahmat qurumu 2 il sonra keçirəcəyi növbəti İddiaçılar Turnirinə Teymur Rəcəbova dəvət gondərəcək və bu narazılıqlar aradan galxacaq. Teymur bizim fəxrimiz və qürurumuzdur. Onun turnirdən uzaq qalmasını heç vaxt heç bir şahmatçı istəməzdi. Heyf ki, bele oldu. Vaxtında İddiaçılar Turnirinin 7 istirakçısından 2-si Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm!"
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub.