"Mən o pula məşqçi işləmərəm, kim 300 manata işləyər ki?" MÜSAHİBƏ
- 05 İyn 2020 15:00
- 924
Rekord.az futbolçu karyerasında “Qarabağ”, “Kür Nur”, “Avtomobilçi” kimi klublarda və millidə forma geyinmiş, hazırda Mingəçevir “Energetik”ində baş məşqçi çalışan Zaur Qarayevin müsahibəsini təqdim edir:
- Zaur bəy, baş məşqçisi olduğunuz “Energetik” klubunun da mübarizə apardığı Region Liqası ləğv edildi. Qərara münasibətiniz necədir?
- Nə deyim, hamımız təəssüfləndik. Birinci yerdə gedirdik, ümidlərimiz böyük idi ki, bəlkə Mingəçevir də böyük futbol görər.
- Liqanın ləğv olunacağıyla bağlı əvvəlcədən məlumatlı idizmi?
- Xeyr, bizim üçün də gözlənilməz oldu. Təkcə bizdə deyil, bütün dünya futbolu dayanıb.
- Birinci divizionda da mövsüm ləğv edildi. Qalib kimi ora yüksəlmək ehtimalınız varmı?
- Yox. Biz onsuz Region Liqasında da sponsorsuz, pulsuz çıxış edirdik. Biz belə birinci yerdə gedirdik, patriotluqla. Bilmirəm, bütün dünyada divizionlar yox olub, yoxsa necə.
- Pulsuz, üstəlik də yüksək liqaya yüksəlməyəcəyinizi bilə-bilə oynamaq çətin olmur ki?
- Başa düşürük. Çempionat keçirilsəydi, biz oynayardıq. Onsuz da bütün səfərlərə getmişik.
- Futbolçuların, sizin məvacibləriniz bəs necə, verilmirdi?
- Xeyr, futbolçular da məvacib almır. Mən də heç almamışam. Bizdə belə idi vəziyyət.
- İndiki dövrdə pulsuz çalışmaq çətin deyil? Ailənizi necə dolandırırsız?
- Başa düşürəm. İki-üç ağsaqqal gəlib, məndən xahiş etmişdi ki, gəl, 300 manata məşqçi işlə. Mən işləmədim. Mən o pula məşqçi işləmərəm. Kim 300 manata məşqçi işləyər ki? Mən pulsuz işləyərək, Mingəçevirə xidmət etmək istədim. Mən futboldan, stadionlardan çıxmışam. Bizim bir il pulsuz işləməyimizlə heç nə olmaz.
- Gələcək planlarınız nədir bəs?
- Bax, biz gələcəyi düşünürdük. Birinci yerdə gedirdik, planlarımız var idi. AFFA tərəfindən də kömək olmalıydı, elə demişdilər. Veteranların da iclasında iştirak etmişdik. Ancaq bu koronavirus hər şeyi alt-üst etdi. Bilmirik gələcəyə necə baxaq. Tək biz yox e, böyük klublar da belə vəziyyətdədir.
- Bir müddət əvvəl “Energetik”də maliyyə problemləri olduğu və klubun fəaliyyətini dayandıracağı deyilirdi.
- Futbol oynamağa icazə verildiyi müddətdə biz oynayacağıq. Tam səmimi deyirəm, bu il başlayandan futbolçular heç bir manat da almayıb.
- Bəs səfər xərclərinizi kim ödəyirdi?
- Pulsuz oynamışıq, səfər pullarımızı yaxın dost-qardaşlar var, onlar kömək edib. Nə icra, nə də dövlət nümayəndələrindən kimsə kömək etməyib. Bilirsiz, Mingəçevirdə futbola istək böyükdür. Bizim fanklubumuz var. Bizim oyunlarımıza çoxlu azarkeşlər gəlir. Hakimlər bura gələndə deyir ki, bura Premyer Liqadakından daha çox azarkeş gəlir.
- AFFA-dan da heç bir maliyyə dəstəyi olmayıb?
- Yox, bütün klublardakı kimi, bizə də top, forma verilib. Bax, belə. Maliyyə dəstəyi olmayıb.
- Futbolçu olarkən ləqəbiniz “Qızılbaş” olub. Bu adın yaranma tarixi nədir?
- Düzdür, deyirdilər. Ancaq belə, dərin yadımda deyil. Bilmirəm, bunu kim deyib. Mən meydançada olmuşam, kim tərəfindən deyildiyini bilmirəm.
- Futbolçu karyeranızda “Qarabağ”da da çıxış etmisiz və “Makkabi” zəfərinin iştirakçısı olmusuz.
- Bəli, bu komandayla çempion olmuşuq, səfərlərə getmişik.
- Həmin dövrləri necə xatırlayırsız?
- Yaxşı xatırlayıram. Maraqlı hadisələr çox olub.
- Ən yadda qalanı hansıdır?
- Çoxdur. Bir dəfə Çexiyada “Yablonets”lə oynayırdıq. Həmin oyun günü Ağdamın işğal günü ilə eyni idi. Mərhum Fuad Musayev və Elbrus Abbasov da orda idi. Onlar təkid etdi ki, bir dəqiqəlik sükut olmalıdır. Bu, heç vaxt yadımdan çıxmaz. Bizə dedilər ki, siyasəti futbola qatmayın, burda başqa millətlər də var. Oyuna da biletlər satılmışdı. Dedik ki, sükut olmasa, biz meydana çıxmayacağıq. Daha sonra buna nail olduq, matçdan əvvəl bir dəqiqəlik sükut oldu.
- Və həmin oyunda 0:5 hesabıyla uduzduz…
- Düzdür, o vaxt bizə Avropanın “qapı”sı təzə açılmışdı. Körpə uşaqlar idik. O vaxt indiki şərait yox idi. Öz aramızdır, başqa tərəfləri də fikirləşin. İndi futbolçulara verilən pullar bizə verilmirdi. İndiki meydançalar o vaxt yox idi. Şərait də tamam başqa idi. Müharibə şəraitində oynamışıq. Ağdamda oynayanda başımızın üstündən vertolyotlar uçuşurdu. Bizim oynadığımız futbol başqa dövrün futbolu idi. Biz məşqləri Buzovnada keçirdik, indikilər Antalyada. Görün, nə qədər fərq var.
- Yevlaxın “Avtomobilçi” klubunda çıxış edən zaman “Neftçi”dən təklif almışdız, ancaq cavabınız “yox” olmuşdu.
- Hə, həmin vaxt “Neftçi”də Əhməd Ələsgərov idi. Mənə ev verməli idilər, vermədilər, mən də Yevlaxa qayıtdım.
-“Neftçi”yə keçidinizə mane olan ev məsələsi idi?
- O vaxt ehtiyac evə idi. Mən də cavan oğlan idim. Danışığımız belə olmuşdu. Dedilər ki, sənə 10 gün ərzində üç otaqlı ev verəcəyik. Daha sonra dediklərinə əməl etmədilər, mən də “Neftçi”yə getmədim.
- “Neftçi”yə getmədiyiniz üçün iki illik futboldan uzaqlaşdırılmışdız.
- Bəli, iki illik uzaqlaşdırılmaq qərarı verildi. Sonra özümü yaxşı apardım deyə, yenidən futbola qaytarıldım.
- Eşitdiyimizə görə, C kateqoriyası alan zaman Aslan Kərimovla mübahisəniz olub. Nə baş vermişdi?
- Xeyr, Aslanla heç bir problemim olmayıb. Bilirsiz necə? Biz bir futbol ailəsi olmuşuq. Hansı ailəni göstərə bilərsiz ki, kiçik də olsa, problem olmasın? Xırda-xırda şeylər ola bilər, ancaq biz bir ailəyik. Bir yerdə böyümüşük. Kimləsə bir problemimiz olmayıb.
- Azərbaycan Premyer Liqasını izləyirsizmi?
- İzləyirəm, ancaq daimi yox.
- Sizin dövrlə indiki dövr arasındakı fərq nədir?
- İndi inkişaf var idi. Pandemiyaya qədər artım var idi. Amma virus bir az durğunluq yaratdı. Bəzi problemlər də var idi. Məsələn, çempionatda 8 komandanın olması. Elə bil ki, Bakı çempionatı keçirilir. Ancaq inkişaf da gedir.
- Siz də Azərbaycan milli komandasının üzvü olmusuz. Yığma AÇ-2020-nin seçmə mərhələsində qrupu 1 xalla tamamladı. Belə bir fikir yaranmışdı ki, futbolçular canla-başla oynamır. Millinin keçmiş üzvü olaraq bu haqda düşüncələriniz nədir?
- Mən də elə düşünürəm. Bilirsiz, ad çəkmək istəmirəm, ancaq “Qarabağ”da elə legionerlər var ki, onlar elə bil camaatı dolayıblar. Etmək istədiklərini ediblər, artıq dəyişmək lazımdır. Belələri “Qarabağ”ın yarımmüdafiəsində də var, müdafiəsində də var. Onlar yüksək səviyyələrini keçiblər, onları dəyişmək lazımdır. O qədər futbola ac olan, susuz olanlar var ki. İndi onlar da oynamalıdır. Düzdür, “Qarabağ”a xeyir veriblər, ancaq indi getməlidirlər (komanda.az).