“Neftçi”nin yeni transferlərindən olan Ramon Maçado klubun rəsmi televiziyasına açıqlama verib.

Rekord.az xəbər verir ki, yeni komandasında son 2 matçda qol vuran 30 yaşlı hücumçu karyerası ərzində ardıcıl bir neçə oyunda fərqləndiyini vurğulayıb:

“Tam xatırlamıram, amma ardıcıl bir neçə oyunda qol vurduğum vaxtlar olub. Məqsədim komanda ilə çempion olmaqdır. Fərdi yox, kollektiv hədəflərimiz var.

Kollektivə uyğunlaşma prosesi yaxşı gedir. Komandada oyunçuların çoxu ispan və portuqalca danışır. Bu isə mənim adaptasiyamı daha da sürətləndirir. Son iki oyunda qol vurmağı bacarmışam. Bundan daha sevincidirici məqam komandanın qələbə qazanmasıdır. Bu, məni daha da məmnun edir”.

Maçado Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirəcəkləri oyun barədə də danışıb:

“Rəqibi elə də yaxşı tanımıram. Süni örtüyü olan meydanda oynadıqlarını bilirəm. Bu, bizim üçün bəhanə olmamalıdır. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq”.

Oktyabrın 2-də keçiriləcək "Səbail" - "Neftçi" matçına saat 19:15-də start veriləcək.