
“Mərhələni keçməyə yaxın olan tərəf biz idik” - Rəşad Sadıqov
- 28 Fev 2025 20:15
- 46
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri cavab oyunundan (0:2, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, mətbuat konfransında bunları sölyəyib:
“Futbolçularıma təşəkkür edirəm. Bu mövsüm keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Əllərindən gələni etilər ki, mərhələni keçən tərəf biz olaq. Hər iki matça görə, mən düşünürəm ki, mərhələni keçməyə yaxın olan tərəf biz idik. Amma rəqib qazandığı 3 penaltidən fərqlənib və mərhələni keçən tərəf oldular. Onları təbrik edirəm və növbəti oyunlarda uğurlar arzu edirəm. Bizim bu oyunda çoxlu yaxşı məqamlarımız var idi. Onları düzgün təhlil edib, daha da yaxşı formada olmalıyıq. Çünki rəqiblər də bizi təhlil edir, daha yüksək motivasiya ilə oynayırlar, daha böyük qüvvə ilə müdafiə olunurlar. Bu məqamları təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaq vacibdir. Oyunçularıma bir daha təşəkkürümü bildirirəm. Çox sıx qrafikdə oynayırıq. Demək olar ki, hər bir futbolçumz meydanda əzmkar mübarizə apardı. İkinci hissədə futbolçularım rəqibin üzərində böyük təzyiq yaratdı. Amma yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Alınmadı. Bu gün uğur rəqibin tərəfində idi. Belə olan halda məğlubiyyəti həzm edib növbəti oyunlara hazırlaşmalıyıq".
Mütəxəssis hakimliklə bağlı fikirlərini də bölüşüb: "Birinci epizod penaltidir. Düzdür, baxmamışam. Amma oyunun dinamikasında oxşayırdı. İkinci epizoddan çempionatımızda 50, 100 dənə nümunə gətirərəm ki, bəzən verirlər, bəzən yox. Bir neçə klubumuz blokdan istifadə edir. Tuturlar, yıxırlar, boğurlar.
Bu gün bizim xeyrimizə belə bir epizod olsaydı, əminəm ki, soyuqqanlı şəkildə şərh edəcəkdilər ki, ikisi də bir-birini tuturdu, mübarizə idi. Belə şeylərə öyrəşmişik. Nədənsə hakimlər 50/50-yə olan epizodlarda çox zaman bizim əleyhimizə qərarlar qəbul edir. Digər məqamlardan biri də odur ki, birinci hissədə VAR-a baxıldı, həkimlər meydana girdi, pauzalar oldu, amma cəmi 3 dəqiqə əlavə olundu. İlk yarıda ən azı 8-9 dəqiqə pauza oldu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm. Bu gün futbolçularımın oyunundan həzz alırdım. Baxımlı, sürətli, kombinasiyalı futbol oynayırdılar. Ona görə bu gün mənim yadımda qalan oyunçularımın performansı və əzmkarlıqlarıdır".