"Səbail"in futbolçusu Mert Çelik "Şamaxı" ilə oyundan sonra Rekord.az-a müsahibə verib:


- "Araz Naxçıvan"a məğlubiyyətdən sonra yaxınlaşdıq, müsahibə vermək istəmədiyini bildirdin. Uduzanda mətbuata danışmamaq kimi bir prinsipin var?

- Uduzduğumuz oyundan sonra gərgin oluruq, hirsli oluruq, o üzdən bir şey söyləmək istəmirik. 

- Amma biz səni mediaya açıq bir futbolçu kimi tanıyırıq. "Neftçi"də oynadığın dönəmdən beləsən, mətbuatla heç vaxt problemin olmayıb...

- Yox, yox, heç vaxt. Həm də hazırda turnir cədvəlindəki mövqeyimiz də yaxşı deyil, sonuncu pillədə qərarlaşmışıq. Bu gün heç olmasa ən azından 1 xal qazana bildik.

- Oyun  ağır hava şərtləri altında oynanıldı. Bu mənada Şamaxıya 1 xal dalınca gəlmişdiniz, yoxsa ancaq 3 xal düşünürdünüz?

- Biz bura qazanmaq üçün gəlmişdik. Bütün  taktiki planlarımız da buna hesablanmışdı. Lakin hava şərtləri çox uyğunsuz idi. Təbii, qazansaq daha yaxşı olardı, amma bu şərtlər altında 1 xal da qazanc sayıla bilər. 

- Bu 1 xal nə dərəcədə "Səbail"in işinə yarayacaq?

- Bu 1 xalın önəmli olması üçün növbəti turda "Zirə" matçını qazanmalıyıq. Bu zaman hazırkı xal daha dəyərli olacaq. 

- Mövsüm öncəsi çoxu "Səbail"i hazırkı mövqeydə görmürdü.Nələr baş verdi, nələr yaşandı ki, komanda bu gün sonuncu pillədə qərarlaşıb?

- Yeni komandayıq, gənc komandayıq, bir az təcrübəyə ehtiyacımız var. İnşAllah yeni oyunçularla da gücləndib qışdan sonra daha yaxşı yerlərə gələcəyik. 

- Heyətdəki problemlər, zədəlilərin çoxluğu da hazırkı nəticələrə təsir edir?

- Bəli, zədəli futbolçularımızın olması da işimizi çətinləşdirir. Amma dediyim kimi, qışdan sonra yeni futbolçularla da güclənib daha yaxşı çıxış edəcəyik. 

- Bir sual da şəxsi karyeranla bağlı. Bir ara milli komandaya da dəvət alırdın. Yenidən bunun baş verməsi üçün nə baş verməlidir?

- İlk növbədə komanda olaraq, yaxşı futbol oynamalı, yaxşı nəticələr qazanmalı, yaxşı mövqeydə qərarlaşmalıyıq. Şəxsən mən özüm də hazırkı oyunumdan razı deyiləm. Hazırkı oyunumun üzərinə daha çoxunu qoymalıyıq.


Anar XANLAROV