Məşçilər Komitəsi ləğv olunur?
- 10 Mar 2020 11:00
- 672
AFFA Məşqçilər Komitəsini (MK) ləğv edə bilər.
Rekord.az xəbər verir ki, artıq bununla bağlı müzakirələr başlayıb.
Komitənin fəaliyyəti qurum rəhbərliyi tərəfindən təqdir olunmur. Belə demək mümkünsə, AFFA «qocalar truppası» kimi tanınan MK-nin işini qənaətbəxş saymır.
İcraçı vitse-prezident və baş katib Elxan Məmmədov da bu fikirdədir. Komitənin fəaliyyətini dayandırmasını istəyən şəxslərin başında da o gəlir.
Onunla komitə üzvləri arasında narazılıq yaxınlarda bir qədər də şiddətlənib. Məmmədov U-23 millisinin yaradılması ideyasını əvvəl dəstəkləsə də, Rəşad Sadıqovun «CBC Sport»dakı məlum çıxışından sonra bundan imtina etmiş, yeni layihənin həyata keçməsinə qarşı çıxmışdı.
İcraçı vitse-prezidenti qəzəbləndirən daha bir hal Şahin Diniyevlə bağlıdır. «Kəpəz»in sabiq çalışdırıcısının mətbuata verdiyi açıqlamalarda millinin baş məşqçi postuna namizədlərlə bağlı mənfi fikirlər söyləməsi Elxan bəyi hiddətləndirib.
Ümumiyyətlə, o, AFFA-da keçirilən toplantılarda dəfələrlə bildirib ki, Məşqçilər Komitəsinin irəli sürdüyü təkliflər əksər hallarda yeniliyə söykənmir.
Başqa sözlə, federasiyanın bir nömrəli idarəçisi qəbul edib ki, bura toplaşan insanlar köhnə fikirlidir və yalnız öz mənfəətlərini güdür, futbolun inkişafına tövhə vermək potensialını itiriblər. (sportinfo.az)