Məşhur musiqiçi, DJ Hardvell bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisi üçün Bakıya gələcək.

Rekord.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən xəbər verir ki, o, aprelin 29-da çıxış edəcək.

BŞH-nin mətbuat katibi Turab Teymurov əyləncə proqramı ilə bağlı fikirlərini bölüşüb: “Dənizkənarı Bulvar ərazisində yerləşən böyük səhnədə təşkil olunacaq əyləncə proqramında Bakıya təşrif buyuracaq dünya şöhrətli ulduzu ictimaiyyətə açıqlamaqdan məmnunluq duyuruq. Əminəm ki, pandemiyadan sonra səbirsizliklə gözlənilən konsertlərin yarışın formatına geri dönməsi azarkeşlərin ikiqat sevincinə səbəb olacaq. Biz də öz növbəmizdə doğma paytaxtımıza "Formula 1" yarışının yeddinci dəfə gəlişini böyük coşğu ilə qeyd etmək üçün səbirsizlənirik. Növbəti möhtəşəm yarış həftəsonunda DJ Hardvellin hitləri azarkeşlərin zövqünü oxşayacaq və onlara daha bir unudulmaz Bakı xatirəsi bəxş edəcək. Biletlərin rekord həddə satıldığı bir vaxtda fanatları indidən onları əldə etməyə və yarış həyəcanını bizimlə birlikdə yaşamağa çağırıram".

Qeyd edək ki, Azərbaycan qran-prisi 28-30 aprelə təsadüf edəcək.