Rusiyanın məşhur “Matç TV” kanalı ilə bağlı kuryoz hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, yanvarın 5-də Rusiyanın hokkey üzrə gənclərdən ibarət komandası dünya çempionatının finalında Kanadaya 3:4 hesabı ilə uduzub. Amma bu zaman bir çox rus fanat elə düşünüb ki, əslində onların komandası qalib gəlib.

Məsələ burasındadır ki, budəfəki DÇ-ni oyunlarını yayımlayan “Matç TV” finalın yayım hüququ Birinci kanalda olduğundan həlledici qarşılaşmanı canlı yayımla efirə verə bilməyib. Bundan isə xeyli azarkeş məlumatsız olub. Əvəzində telekanal eyni gənclər komandalarının – Rusiya ilə Kanadanın 9 il əvvəl, 2011-ci ildə keçirilən dünya çempionatının final qarşılaşmasındakı matçının videoyazısını göstərib. Həmin görüşdə ruslar 5:3 hesabı ilə qalib gəldiyindən azarkeşlər həqiqətən komandalarının 2020-ci il dünya çempionatının qalibi olduğunu düşünüblər.

Matç başa çatandan sonra nəinki sıravi azarkeşlər, bir neçə tanınmış şəxs də (hətta Dövlət Dumasının komitə sədri Mixail Deqtyaryev da) səhvən sosial şəbəkədə təbrik mesajı yazıb.

Aldananlar arasında hokkeyçi Vladimir Tarasenko da olub. Onun həyat yoldaşı Yana Tarasenko İnstaqramda yazıb ki, 2011-ci il dünya çempionatının iştirakçısı olan əri Vladimir yalnız 10 dəqiqədən sonra özünü efirdə görəndə başa düşüb ki, demə, indiki finalı izləmirlər.

Qeyd edək ki, bu hadisə Rusiya KİV-lərə və sosial mediasında qalmaqala səbəb olub. Çoxları kanalı qeyri-peşəkar davranışda günahlandırıb.