Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb. "Rekord.az" xəbər verir ki, AVF-nin bu dəfəki “1-ci dərəcə” məşqçi kursu Bakı şəhərində keçirilib.
Kursda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan olan 15 məşqçi-müəllim iştirak edib. Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.