"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib: 


“Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq.


Jatoba bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.


Əyyub Allaş da tanıdığımız, güvəndiyimiz futbolçudur. Sevindirici odur ki, o da təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq”.