Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.


Rekord.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Mingəçevir şəhərində keçirilib. 


Tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.


Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində keçirilib. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bu layihəyə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkür edib və belə seminarların ənənəvi olmasını arzulayıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın bölgələrdə güləşin inkişafı üçün atdığı addımlardan danışıb. Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov region məşqçilərinə öz tövsiyələrini çatdırıblar. Onlar yeniyetmə idmançılara həddən çox çəki saldırmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıblar. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək hakimlər tərəfindən verilmiş qərarları şərh edib.


Seminarın praktiki hissəsi isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Əvvəlcə H.Məmmədyarov sərbəst, daha sonra isə E.Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.


Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qəbələ şəhərində keçiriləcək.