Messi Bakıda niyə media önünə çıxmayıb?
- 16 Dek 2024 14:00
- 162
Messinin Azərbaycana səfəri hər nə qədər səsli-küylü olsa da, bir o qədər də qaranlıq, müəmmalı səfər oldu. Yəni bu səfərin təşkili nəyə hesablanmışdı, Messinin gəlişində məqsəd nə idi, bunu kim təşkil etmişdi, kim sifariş vermişdi və s. Hamısı açıq qalan suallar idi. Bilinən tək bu idi ki, argentinalı ulduzu və dostlarını bura SOCAR-ın sabiq rəsmisi, tanınmış iş adamı Adnan Əhmədzadə gətirmişdi. Messinin heç bir rəsmi şəxslə, AFFA rəhbərliyi ilə görüş keçirməməsi də onu deməyə əsas verir ki, səfərdə hansısa dövlət qurumunun, AFFA-nın əli yoxdur. Səfər zamanı diqqət çəkən daha bir məqam Messinin mediası önünə çıxmaması, mətbuat konfransı bir yana, heç brifinq də keçirməməsi oldu. Heç media üçün hansısa akkreditasiya proseduru da baş vermədi.
Rekord.az-ın əldə etdiyi məlumata görə medianın bu tədbirdən kənar tutulmasında təşkilatçıların günahı olmayıb.
Belə ki, səfər söhbəti ortaya çıxanda argentinalının irəli sürdüyü əsas tələblərdən biri media önünə çıxmamaqla bağlı olub. Yəni adam qəti şərt irəli sürüb ki, heç bir mətbuat konfransı, brifinq olmayacaq. Əgər təşkilatçılar bu məsələdə israr etsələr, o zaman səfər də baş tutmayacaq. Təşkilatçılar da bu səbəbdən Messinin tələbini qəbul etməyə məcbur olub.