Mətbuat konfransı, yoxsa anarxiya?
- 13 Sen 2021 10:18
- 776
Dünən turun mərkəzi görüşü hesab olunan "Neftlçi" - "Qarabağ" qarşılaşması baş tutdu. Yox, oyun haqda yazmaq fikrində deyiləm. Yazmaq istədiyim başqa məsələdir. Həftə sonu olmasına baxmayaraq, oyuna maraq böyük idi. Həm xeyli sayda azarkeş, həm də media işçisi "Bakcell Arena"ya təşrif buyurmuşdu. Oyun da maraqlı, gərgin keçdi, tribunalarda da coşqu var idi. Amma təəssüf ki, qarşılaşmadan sonra yaşanan bir mənzərə hər şeyə kölgə saldı. Həm də sübut etdi ki, daxili arenada bir az ajiotajlı oyunlar olan kimi, mütləq hansısa çatışmazlıq üzə çıxmalıdır.
Aşağıdakı fotonu həmkarım Kənan Məstəliyev paylaşıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransı zamanı çəkilib. Mənə görə, bu fotonun anarxiyadan, biabırçılıqdan başqa adı yoxdur. Hətta biabırçı-anarxiya deyərdim. Normalda tv kameralar arxada quraşdırılır, öndə isə jurnalistlər əyləşir. Bu dəfə isə əksinə olub, kimin əlində kamera var sürüyüb aparıb qabağa, özləri də hörmətsiz şəkildə arxalarını qələm əhlinə çevirib dayanıblar. Nə baş məşqçilər görünür, nə də konfrans məkanı. Yaxşı, bəs təşkilatçılar, konfransın keçirilməsinə cavabdeh şəxslər hardadır? Oyunun AFFA nümayəndəsi Məmmədəli Məmmədov hardadır, hara baxır, niyə bu anarxiyanı görüb müdaxilə etmir? İndi belə çıxır ki, sabah istənilən oyunda istənilən operator kamerasını götürüb gedib düz baş məşqçinin qabağında qoyub çəkiliş edə bilər hə? Ya da zalın hansı nöqtəsindən, hansı pozada kadr istəfə çəkəcək? Bir sözlə, qayda-qanun, təşkilatçılıq olmayacaq da, kimin kefi harda və necə istədi elə olacaq? Həmişə fikir vermişəm, hətta daxili arenada da ayda-ildə bir ajiotajlı oyun olan kimi, dərhal hansısa nöqsan üzə çıxır...
Anar XANLAROV