Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün seminar və “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim (cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi) adının alınması üçün imtahan keçirilib.

Rekord.az xəbər verir ki, 13 ölkənin iştirakı ilə keçirilən seminar və imtahan BCF-in hakimlər üzrə direktoru Florin Laskau və Hakimlər Komissiyasının üzvləri tərəfindən keçirilib.

Seminarda və imtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri Mətin Rəhimli də iştirak edib.

İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Ardından hakimlər təlimin nəzəri hissəsinə dair imtahan veriblər. Daha sonra, seminar iştirakçıları 13-15 mayda Alma-Ata şəhərində keçirilən yeniyetmələrin və gənclərin Asiya kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.

Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Mətin Rəhimli “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Sonuncu dəfə Azərbaycan təmsilçisi “A” kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, Azərbaycan nümayəndəsi cüdo üzrə ən yüksək hakimlik dərəcəsini qazanıb.