Futbol üzrə Çexiya yığmasının və Türkiyənin “Qalatasaray” klubunun sabiq hücumçusu Milan Baroş karyerasını başa vurmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, hazırda ölkəsinin “Banik” (Ostrava) klubunun şərəfini qoruyan 38 yaşlı forvard mövsümün sonunda futboldan gedəcək.

Buna onun zədələrdən əziyyət çəkməsi səbəb göstərilir. Baroş özü də klubun rəsmi saytına açıqlamasında bunu etiraf edib: “Düşüncə olaraq hələ də futbola davam etmək istəyirəm, amma vücudum artıq “dayan” deyir. Zədəm oynamağıma imkan vermir”.

Milan peşəkar karyerasına məhz “Banik”də başlayıb. Daha sonra o, “Liverpul”a transfer olunaraq İngiltərə nəhəngi ilə UEFA Çempionlar Liqasının qalibi olub. “Aston Villa”, “Olimpik” (Lion), “Portsmut”, “Qalatasaray”, “Antalyaspor”, “Mlada Boleslav”, “Slovan” (Liberets) kimi klublarda da forma geyinmiş Baroş, bu mövsüm “Banik”də 18 oyuna çıxıb, 3 qola imza atıb. Çexiya millisində 100-ə yaxın oyun keçirmiş forvard 41 qol vurub.