Milan Obradoviç: “Onlar tam hazır olmadıqları üçün milliyə çağırılmadılar”
- 27 Avq 2020 18:40
- 695
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Doğukan Öksüz və Hüseyn Seyliğliyə dəvət göndərməməsinin səbəbini açıqlayıb.
Rekord.az xəbər verir ki, serb mütəxəssis "Report"a açıqlamasında türk oyunçuların fiziki baxımdan tam hazır olmadıqları üçün Avropa çempionatının seçmə mərhələsinin Fransa ilə oyununa çağırılmadığını söyləyib.
43 yaşlı baş məşqçi bildirib ki, qarşıdakı matçlarda sözügedən futbolçuların xidmətindən yararlanacaq: "Fransa millisinin futbolçuları fiziki baxımdan çox hazırlıqlıdırlar. Onlar pandemiya dövründə öz klublarının heyətində Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparıblar. Bu matça yaxşı hazırlaşıblar. Bu səbəbdən biz də ən yaşı formada olan oyunçularla başlamaq istədik. Hüseyn və Doğukan öz komandalarında hazırlığa gec start veriblər. Düşündük ki, onlar Fransa ilə matça 100 faiz hazır ola bilməyəcəklər. Amma növbəti matçlarda həmin futbolçuları milliyə dəvət edəcəyik. Çünki bizim vacib oyunçulardır".
Qeyd edək ki, sentyabrıb 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa oyunu saat 21:00-da start götürəcək.