"Milli dəstə" bəyanat yayıb, AFFA-nı istefaya çağırdı
- 12 Sen 2021 10:04
- 786
"Milli dəstə" fan-klubu bəyanat yayaraq AFFA ilə münasibətləri kəsdiklərini və qurum rəhbərliyini istefa verməyə dəvət etdiklərini bildiriblər. Bəyanatı olduğu kimi təqdim edirik:
"AÇIQLAMA
Bildiyiniz kimi, "Milli Dəstə" azarkeş qrupu, 2016-cı ilin martında yaradılıb və məqsədi Avropada yarışan azərbaycanlı idmançıları, klubları və milliləri dəstəkləmək olub. Bu illər ərzində 50-dən çox idman yarışında idmançılarımıza dəstək olmuşuq. Bütün bu işləri də şəxsi vaxtımızdan ayıraraq, həm ölkəyə olan bağlılığımız, həm də idmana, əsasən də futbola olan həvəsimizə görə təmənnasız etmişik. AFFA, klublar və müxtəlif federasiyalarla əməkdaşlıq çərçivəsində azarkeşlərin idman yarışında iştirakı üçün giriş biletləri, xoreoqrafiya xərcləri və milli atributlar (əsasən Azərbaycan bayraqları və şərfləri) ilə təmin olunmuşuq. Bütün xərclərin ödənişi də qəbzlərlə həyata keçirilib.
Bu fəaliyyət dövründə ən çox futbol üzrə milli komandalarımızın matçlarında iştirak etmişik və bu səbəblə də ən çox AFFA ilə əməkdaşlıq etmişik. Bizə göstərdiyi hər bir dəstəyə görə də AFFA-ya minnətdarlığımızı bildiririk. Ancaq, təəssüflər olsun ki, bu illər ərzində epizodik müsbət nəticələri çıxmaq şərti ilə milli komandalarımızda (A və aşağı yaş qruplarında) irəliləyiş görmədik. Yalnız irəliləyiş deyil, həmçinin aşağı yaş qruplarında əldə etdiyimiz nəticələr də gələcəyə olan ümidimizi tamamilə məhv edib. Sistemin olmaması, bölgə futbolunun yoxluğu, Premyer Liqada iştirak edən klublarının sayının azlığı, uşaq futbolunun məhvi, yerli oyunçu yetişdirmək əvəzinə davamlı olaraq xarici oyunçuların milliləşdirilməsi, milli komandanın baş məşqçilərinin əlcək kimi dəyişdirilməsi, zəif rəqiblərlə qazanılan nəticələrə görə fantastik premyaların verilməsi, hesabatlığın olmaması, gələcəyə yönümlü konkret planların açıqlanmaması, Premyer Liqada tətbiq olunan legioner limitinin effektsizliyi və çempionatlarımızın (Premyer Liqa, I Divizion) səviyyəsinin aşağı olması və futbolun inkişafı naminə federasiyadan gözləntilərimizin doğruldulmaması səbəblərinə görə
QƏRARA ALIRIQ:
1) AFFA ilə bütün əməkdaşlığımızı dayandırırıq;
2) AFFA-nın rəhbərliyini istefaya dəvət edirik;
3) Dəstəmizin məqsədinə uyğun olaraq fəaliyyətimizi tribunalarda davam etdirəcəyik;
4) Tribunamızda AFFA-nı istefaya çağıracağıq.
AFFA, İSTEFA!
#AFFAistefa"