Milli Mətbuat Günü ilə əlaqədar media nümayəndələri üçün tədbir keçirilib
- 17 İyl 2021 19:32
- 742
Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) media nümayəndələri üçün tədbir təşkil edib. Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşrindən keçən 146 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib. İndi Azərbaycanda öz ənənələri olan peşəkar mətbuat mövcuddur. 44 günlük Vətən müharibəsi zamanı informasiya savaşında azərbaycanlı jurnalistlərin nümayiş etdirdiyi yüksək peşəkarlıq da bunu göstərir.
Ş. Hüseynli dopinq nəzarətinin həyata keçirilməsində KİV-in roluna da toxunaraq bildirib ki, ədalətli və təmiz idmanın təbliği baxımından mətbuatın çox geniş imkanları var. Kütləvi informasiya vasitələri ilə sıx əməldaşlıq edən AMADA bununla bağlı müxtəlif layihələr həyata keçirir. AMADA-nın media ilə münasibətləri şəffaflıq, operativlik və informasiya əlçatanlığına əsaslanır. Daha sonra Ş. Hüseynli jurnalistlərin suallarını cavablandırıb.
Sonra jurnalistlər üçün əyləncəli -intellektual viktorina keçirilib və qaliblərə GoSport idman mağazaları şəbəkəsi tərəfindən hədiyyə çeki təqdim edilib.