“Qusar Olimpiya İdman Kompleksin”də Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş məktəbli qızlar arasında voleybol üzrə açıq turnir start götürüb. "Rekord.az" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk qarşılaşmasından sonra rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Qusar rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Emil Əmirmətov, Qusar rayon Olimpiya İdman Kompleksinin rəhbəri Məcid Məcidov, Kompleksin məşqçi müəllimi Səbzi Bayramov, Azərbaycan Voleybol Federasiyası (AVF) prezidentinin müşaviri Əbülfəz Hüseynov, AVF Regional İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova, AVF koordinatoru Oqtay Musayev, seleksioner məşqçi Tatyana Kudryaşova, AVF mətbuat katibi Şəfəq Kərimova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qusar rayon Gİİ rəisi Emil Əmirmətov turnir iştirakçılarına vətən müharibəsində şücaət göstərən igidlərimizdən biri olan Çingiz Qurbanov haqqında məlumat verib. O, qeyd edib ki, bu yarış Çingizin əziz xatirəsinə həsr olunan III turnirdir və bu cür turnirlər hələ çox keçiriləcək. Başda Ali Baş Komandan İlham Əliyev və Çingiz kimi qəhrəman oğullarımız sayəsində bu gün biz vətənimizin bütövlüyünü bərpa etmişik. Sonda Əmirmətov iştirakçılara uğurlar arzu edib və bu yarışın təşkil olunmasında onlara dəstək olan Azərbaycan Voleybol Federasiyasına təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri Əbülfəz Hüseynov iştirakçıları AVF rəhbərliyi adından salamlayıb, onlara uğurlar arzu edib. O qeyd etdi ki, bölgələrdə, paytaxtda gənclər arasında belə turnirlərin təşkili Azərbaycan voleybolu üçün çox vacibdir. Voleybol Qusar rayonunda sevilən idman növlərindən biridir. Bu gün bu yarışı AVF nümayəndələri, məşqçilərimiz izləyir  və bizim əsas məqsədimiz gənc və perspektivli gəncləri milli komandamıza cəlb etməkdir.

Açılış mərasimindən sonra turnirin növbəti oyunları keçirilib. 10 komandanın (HƏZRƏ, QUXUR OBA, URVA 1, URVA 2, ƏVƏCUQ, GƏDƏZEYXUR, ŞƏHƏR 2 SAYLI MƏKTƏB, ŞƏHƏR 3 SAYLI MƏKTƏB, ŞƏHƏR 4 SAYLI MƏKTƏB, ŞƏHƏR 6 SAYLI MƏKTƏB) iştirak etdiyi turnirin qalibi noyabr ayında müəyyən olunacaq. Qalib gələn məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, oktyabrın 23-də AVF prezidentinin müşaviri Əbülfəz Hüseynov Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasovla da görüşüb. Görüş zamanı Alxasov Qusarda voleybol komandasının yaradılmasını və ölkə çempionatında iştirakının vacibliyini bildirib. O, qeyd edib ki, Qusarın qızlardan ibarət voleybol komandası daha öncə Azərbaycan çempionatında iştirak edib. Yenidən Qusar komandasının yaradılmasına və çempionatda iştirakına köməklik etməyə çalışacaq.