Milli üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib
- 25 Okt 2024 17:20
- 86
AFFA-nın inzibati binasında seçmə mərhələ öncəsi təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.
Rekord.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycanın Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.