Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəni başa vurdu. "Rekord.az" xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi yarışın 3-cü turunun son qarşılaşmasında komandamız Avstriya yığması ilə üz-üzə gəlib. 
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə voleybolçularımız üstün başlasalar da son anda qələbəni əldən veriblər. Tay-brekə kimi davam edən oyundan rəqib 3:2 hesabı ilə qalib ayrılıb. 
Bu oyundan sonra millimiz aktivinə 1 xal yazdırıb. Bununla da xallarının sayını 7-ə çatdırıb. 
Qeyd edək ki, reqlamentə əsasən yarışda iştirak edən 12 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanır. Turnirin yarımfinal və final oyunları 15-16 iyun tarixlərində Çexiyada baş tutacaq.
Qızıl Avropa Liqası 
3-cü tur
Azərbaycan - Avstriya  2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15)