ÇSKA-nın futbolçusu Baxtiyar Zaynutdinov Millətlər Liqasının C qrupunun Azərbaycana qarşı keçiriləcək ilk oyununu buraxa bilər.

Rekord.az "vesti.kz" portalına istinadən xəbər verir ki, Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Zaynutdinovun səhhətində problem olduğuna görə millimizə qarşı oynamayacağını söyləyib:

"Baxtiyarla danışdım və səhhətində problem olduğunu bildirdi. Düzünü desəm, onun olmayacağı ilə birtəhər barışmışam. Bilirsiz, gələcəyinə ümid etsək və o, gəlməsə məyus olacağıq. Ona görə də elə əvvəlcədən onun gəlişinə ümid etməyək ki, sonradan məyus olmayaq. Həkimlər onu ayağa qaldırsa necə olacaq? Bu, xoş sürpriz olacaq. Ona görə də biz daha rəsmi xəbərlər gözləyirik".

Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Nur-Sultan şəhərində yerləşən “Astana Arena”da keçiriləcək.

24 yaşlı futbolçu 2020-ci ildə “Rostov”dan ÇSKA-ya keçib. O, 2018-ci ildən Qazaxıstanın əsas millisində oynayır.