Millimizi bağışlamaq olarmı - Lüksemburq “qəzası”ndan sonra Kipr qələbəsinə reaksiyalar
- 10 Sen 2020 10:41
- 757
Millətlər Liqasının ilk oyununda Lüksemburqa doğma meydanda 1:2 hesabı ilə uduzan Azərbaycanın futbol üzrə millisi “yaş yuyub, quru sərilirdi”.
Futbol azarkeşləri, idman şərhçiləri millinin yeni italiyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında ilk oyunda Avropanın ən zəif komandasına məğlub olmasını heç cür qəbul edə bilmirdilər.
İnsafən, futbolçularımız və baş məşqçi də məyus görünürdülər, Lüksemburq kimi yığmaya uduzmağı həzm etmirdilər, ilk oyunda belə məğlubiyyət gözləmirdilər və bir yandan da aramsız tənqidlər komandanı çətin vəziyyətə salmışdı.
Odur ki, səfərdə keçirilən Kiprlə görüşdə ciddi nəticə əldə etməsəydi, Azərbaycan millisinə daha hansı sözlər deyiləcəkdi, təsəvvür etmək olmur.
Amma Kiprdə meydana çıxan komandamız elə bir inamlı, əzmkar oyun sərgilədi ki, tamamilə təsəvvürlər dəyişdi. Demək olar ki, sona qədər topa nəzarət və ərazi üstünlüyü bizdə oldu və millimiz kapitan Maksim Medvedevin vurduğu möhtəşəm qolla səfərdən üç xalla vətənə qayıtdı.
Bu hesabdan sonra sosial mediada yığmamız haqda rəylər, fikirlər də dəyişdi. Bəs idman şərhçilərimiz, yazarlarımız nə düşünür, De Byazi bu komanda ilə uğurlu seriya yarada bilərmi?
Lüksemburqa biabırçı məğlubiyyətdən sonra Kiprə qalib gələn millimizi bağışlamaq olarmı? Monteneqro ilə qarşılaşmada bu səviyyədə oyun nümayiş etdirə bilərikmi?
Kənan Məstəliyev: “Rəqabətədavamlı yığma formalaşdırılmayana qədər belə Kipr qələbələri təsadüfi olaraq qalacaq”
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev “Yeni Müsavat”a bildirdi ki, Kipr üzərində qələbə xoş oldu. Onun fikrincə, daha bir məğlubiyyət bütün işləri korlayacaqdı: “Qarşıda bizi qrupun lideri Monteneqro ilə oyun gözləyir və orada da qeydə alınacaq yenilgi şanslarımızın üstündən birdəfəlik xətt çəkəcəkdi. Yaxşı ki, hər şey yaxşı qurtardı”.
K.Məstəliyev hesab edir ki, Lüksemburqla matçdan fərqli olaraq komandamız Kiprlə oyuna daha soyuqqanlı və hazırlıqlı çıxmışdı:
“Yeni məşqçi Canni De Byazi də səhvlərini anlamış, daha doğru taktika və fəlsəfə ortaya qoymuşdu. Kirplilər nə oyuna faktiki 8 müdafiəçi ilə çıxacağımızı, nə də ilk dəqiqələrdən bu cür pressinq edəcəyimizi gözləyirdilər.
Məqsəd ilk yarım saatda güc qoyub qol vurmaq, sonra isə əks hücumlara bel bağlamaq idi. Və bu planımız baş tutdu.
Düzdür, artıq 60-65-ci dəqiqədən futbolçuların fiziki cəhətdən yorulduqları nəzərə çarpmağa başladı və bu bizə ciddi problem ola bilərdi. Məşqçi isə ilk oyunda olduğu kimi yenə də əvəzetmələrdə səhvə yol verdi, müdaxilələri səhv oldu. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Komanda yaxşı oynadı və azarkeşlərin könlünü ala bildi".
Baş redaktorun sözlərinə görə, Kipr qələbəsi bizi yanıltmamalıdır: “Qrupun autsayderi məhz onlardır və heyətləri də keçid heyətdi, nəsildəyişməni apardıqları görünür. Meydana gəncləri, hətta 17 yaşlı yeniyetməni buraxır, təcrübə qazandırırlar.
Hələ buna rəğmən qapımızda real qol vəziyyətləri yaratdılar, bir topları da dirəkdən döndü. Çox güclü Monteneqro ilə oyunlarda iş daha çətin olacaq.
Onlar belə səhvləri bağışlamayacaqlar. Ölkə futbolunun bərbad durumda olması heç kimə sirr deyil və bu haqda dəfələrlə deyilib və yazılıb.
Rəqabətədavamlı yığma formalaşdırılmayana qədər belə Kipr qələbələri təsadüfi olaraq qalacaq. İslahatlar, işə ciddi müdaxilələr lazımdır.
Milliyə isə uğurlar arzulayaq. Ümid edək ki, Lüksemburqla oyundakı səhvlər bir də təkrarlanmayacaq".
Natiq Muxtarlı: “Gənclərdən qurulmuş Kiprə qalib gəlməklə eyforiyaya qapılmayaq, Avropanın ortabab klubunda oynayacaq futbolçu yetişdirməmişik”
İdman yazarı Natiq Muxtarlı isə qeyd etdi ki, Azərbaycan futbolunun problemləri olduqca ciddidir: “Hansısa təsadüfi qələbə bu problemləri ört-basdır edə bilməz. Azərbaycan yığması ciddi hədəflər uğrunda mübarizə aparmaq iqtidarında, potensialında deyil.
Çünki o hədəfli reallaşdıracaq məhsula - futbolçulara sahib deyilik. Ona görə sahib deyilik ki, bizdə futbolçu yetişdirilməyib. Bunun üçün kadrlar hazırlanmayıb, infrastruktur qurulmayıb.
AFFA rəhbərliyi uşaq futboluna yatırım etmək əvəzinə xaricdə futbolçu axtarıb, əcnəbiləri milliləşdirib, xaricdən məşqçi gətirərək təsadüfi qələbələrə ümid bəsləyib. Beləcə, bütün Avropada futbol inkişaf edib, Azərbaycandan savayı..."
N.Muxtarlının fikrincə, illər ötüb, ayılıb görmüşük ki, Avropanın ortabab klubunda da çıxış edə biləcək bircə futbolçu yetişdirməmişik:
“6-7 il əvvəl Lüksemburqun heyəti tamamilə həvəskar futbolçulardan ibarət idi. İndi isə lüksemburqlu futbolçular Avropanın aparıcı çempionatlarında çıxış edirlər.
Yenilənmiş, gənclərdən qurulmuş Kiprə qalib gəlməklə eyforiyaya qapılmamalıyıq. Azərbaycan futbolunun ciddi problemləri var və indiki AFFA rəhbərliyi bu problemləri həll etmək iqtidarında deyil.
Hətta marağında deyil. Futbolumuzu sabit inkişaf yoluna çıxartmaq üçün bu rəhbərlik dəyişməli, yeni strategiya qəbul edilməli, futbol təsərrüfatı peşəkarlara tapşırılmalıdır".
“Yeni Müsavat”