Millimizin baş məşqçisi: “Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı”
- 02 İyn 2020 19:20
- 552
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Rusiyanın “Match TV” kanalına açıqlama verib.
Rekord.az xəbər verir ki, Obradoviç, futbolçu olarkən Moskva “Lokomotiv”ində Yuri Syominlə birgə çalışdığı günlərdən danışıb:
“Onun məşqlərində o qədər qaçırdıq ki, futbolçular həqiqətən qaytarırdılar. Syomin çox əsəbiləşirdi, çantaları təpikləyirdi. Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı. Onun üçün yerin fərqi yox idi: paltardəyişmə otağında da, meydançada da, stadionun dəhlizində də, avtobusda da qışqırırdı. Onun idarə etməsi məni şoka salırdı. Amma baş məşqçi olandan sonra onu başa düşdüm.
O, çox emosional insandır və bunun çempionluğa oynayan bir komanda qurmaq üçün tək yol olduğunu bilirdi. 2002-ci ildəki çempionluqdan sonra yaxşı içdik və Syominin başqa tərəflərini kəşf etdim. Əvvəllər onunla kafedə oturmamışdıq. Yalnız rəhbərliyi altında məşq edir, zalda çalışır, nahar edir və ayrılırdıq. Ancaq yaxın münasibət qura bilməmişdik. Bir dəfə yanımda əyləşdi, çiynimə vurdu və qucaqladı, bir içki içdik. “Niyə hər matçda bu qədər yaxşı oynamaq istəmirsən” deyə, sual verdi. Mən isə soruşdum ki, siz niyə həmişə mənə qışqırırsız?”
2009-cu ildən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına rəhbərlik edən Obradoviç, futbolçu karyerasında – 2001-2003-cü ildə “Lokomotiv”də çıxış edib.
Syomin 2013/14 mövsümündə “Qəbələ”ni çalışdırıb.