Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçını keçirib. "Rekord.az" xəbər verir ki,  yığmamız İstanbulda “Fənərbaxça” ilə üz-üzə gəlib.

Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23. 
Ardınca baş məşqçimiz Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23. 
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.

Nəzərinizə çatdıraq ki, voleybol idman növündə bərabərlik hesabı olmasada yoldaşlıq görüşlərində komandaların razılığı ilə bərabərlik hesabına tez-tez rast gəlinir.