
Millimizin kapitanı Macarıstan kubokunu qazandı
- 09 Mar 2025 21:10
- 73
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" finalda "KNRC" klubu ilə qarşılaşıb.
Həlledici görüş voleybolçumuzun komandası üçün pis başlayıb və ilk hissə rəqibin xeyrine yekunlaşıb. Lakin "Vasas Obuda" sonradan təşəbbüsü ələ alıb və ardıcıl üç setdə qalib gəlib. Beləliklə, Ayşən və rəfiqələri 3:1 hesablı qələbə qazanaraq Macarıstan kubokuna sahib çıxıblar.
Komandasının növbəti dəfə kubok qazandığı matçda yığmamızın və "Vasas Obuda"nın kapitanı 5 dəfə fərqlənib. Abduləzimova bu xallardan 4-nü hücumda, 1-ni isə eyslə qazanıb.
Qeyd edək ki, Ayşən Abduləzimova bununla 5-ci dəfə Macarıstan kubokunun qalibi olub.