Millimizin kapitanı zədə səbəbindən avroliqada çıxış etmədiyini açıqladı
- 20 May 2024 12:46
- 405
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında müabrizəni davam etdirir. "Rekord.az" xəbər verir ki, bir neçə əsas oyunçumuzla yanaşı, kapitanımız Ayşən Abduləzimova da yarışda çıxış etmir. Təcrübəli blokçumuz zədə səbəbindən avroliqaya qatıla bilmədiyini açıqlayıb.
Voleybolçumuzun sosial şəbəkədə paylaşdığı açıqlamanı təqdim edirik:
"Əziz dostlar, son günlər mənim Qızıl Avropa Liqasında milli komandada olmamamağımın səbəbi ilə bağlı çox sayda suallar verilir. Bu yarışda komandamıza kömək edə bilməməyimin səbəbi zədədir. Bilirsiniz ki, hələ əvvəlki illərdən davam edən ciddi zədələrim var. Keçən il vaxt azlığından Avropa çempionatında səhhətimi tam normala sala bilmədən, müalicəmə davam edərək çıxış etdim və bacardığım qədər komandamıza kömək etməyə çalışdım. Bəzi yoxlama oyunlarında da bu səbəbdən oynaya bimədim. Daha sonra klub mövsümündə də həm müalicəm davam etdi, həm də oyunlara çıxdım. Zədəmin ciddiliyindən klubda da bir neçə oyunda oynaya bilməmişəm. Zədəmin ciddi olması və müalicə prosesinin müddətinin uzun olması səbəbindən Qızıl Avropa Liqasında millimizə kömək edə bilmirəm. Ailəmi görmək üçün müalicəmə fasilə verib bir həftəlik vətənə qayıtdım. Artıq müalicəyə davam etmək məqsədilə yenidən Budapeştə yollanıram. Səhhətimi tam bərpa etdikdən sonra növbəti yarışlarda milli komandamızla yenə ölkəmizi təmsil edəcəyəm. Bu yarışda komandamızla ola bilməsəm də, dəstəyim voleybolçularımızladır. Hər oyunu həyəcanla izləyirəm. İnanıram ki, komandamız Qızıl Avropa Lqiasında növbəti oyunlarda da qələbə qazanacaq və daha irəli gedəcək".