Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turniri üçün heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, bu turnirdə baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında beş güləşçimiz mübarizə aparacaq.

Bunlar Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq)dir. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaqlar.

Komanda Bolqarıstana mayın 6-da yollanacaq. Yunan-Roma güləşi üzrə mübarizə turnirin son iki günündə baş tutacaq.

Güləşin bu növündə İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanıb.

Dünya Olimpiya Təsnifat Turnirinə mayın 9-da yekun vurulacaq.