Millimizin üzvü Çempionlar Liqasına qələbə ilə başladı
- 09 Okt 2019 08:27
- 1011
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yarışın ilkin mərhələsinin 2-ci turunda Monteneqronun "Luka BAR" kollektivi ilə üz-üzə gəlib.
Monteneqroda baş tutan ilk görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Macarıstan təmsilçisi quru hesablı qələbə qazanmaqla növbəti mərhələ şansını artırıb.
Komandasının turnirdə ilk qələbəsini qazandığı qarşılaşmada yığmamızın üzvü 6 xal qazanıb. Abduləzimova meydan sahiblərini 3 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə eyslə məyus edib.
Qeyd edək ki, cütün cavab oyunu oktyabrın 15-də Budapeştdə keçiriləcək.