Millimizin üzvü: "Karantində ən çox dini kitablar oxuyuram” MÜSAHİBƏ + FOTOLAR
- 22 Apr 2020 17:00
- 1035
Karantin dövrü idmançılar üçün xüsusi problem ortaya çıxarır. Rekord.az xəbər verir ki, voleybolçulardan ibarət Azərbaycan qadın millisinin üzvü Şəfaqət Həbibova da “qafqazinfo”ya müsahibəsində məhz bundan danışıb. Şəfaqət müsahibəsində evdə həyat yoldaşı, kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Elmin Alışanovla məşq etdiyini də bildirib.
- Karantin dövrünü necə keçirirsiz?
- Karantin dövrü bizim üçün idmançı olaraq çox sıxıcıdır. Çünki əksər hallarda biz vaxtımızın çox hissəsini məşqlərdə, oyunlarda, xarici təlim-məşq toplanışlarında keçirirdik. Evdə isə yemək bişirmək, təmizlik işləri ilə məşğul oluram. Bu baxımdan darıxdırıcıdır.
- Voleybol üçün darıxırsız?
- Əlbəttə ki, voleybol üçün darıxıram. Bəzən darıxanda millinin keçmiş oyunlarına, həmçinin klublarda oynadığım vaxtlardakı matçlara baxıram. Bir mənada özümü belə təsəlli edirəm.
- Evdə məşq etmək imkanı varmı?
- Az da olsa, evdə məşq etmək imkanı var. Təbii ki, evdə etdiyimiz məşqlər zaldakı kimi effektli olmur. Amma çalışırıq ki, formadan düşməyək, özümüzü formada saxlayaq.
- Hər kəs artıq çəkidən danışır. Siz necə artıq çəki almısınızmı?
- Karantin dövründə bütün günü evdə olub kökəlməmək mümkün deyil (gülür). Çəkimin çox artmaması üçün pəhrizlərdən istifadə edirəm və kardio məşqləri edirəm.
- Həyat yoldaşınız sizə ev işlərində kömək edir?
- Elmin evdədir, amma heç ev işlərinə qarışmağa həvəsi yoxdur, yemək bişirməyə də cəhd göstərmir. Yüngülvari yeməklər bişirməyi bacarır, amma yaxşı deyiləcək səviyyədə bacarığı yoxdur (gülür).
- Daha çox gününüzü necə keçirirsiz?
- Ən çox kinoya baxıram. Maraqlı xarici filmlər çoxdur, onları izləməyə çalışıram. Hərdən də kitab oxuyuram. Ən çox dini kitablar oxuyuram.
- Karantin bitikdən sonra ilk olaraq nə etməyi düşünürsüz?
- Bu virus dönəmi başa çatdıqdan sonra rahat çölə çıxıb istədiyim yerlərə getməyi fikirləşirəm. Valideynlərimlə, yaxınlarımla vaxt keçirmək istəyirəm. Həmçinin də zala gedib rahat məşq etməyi xəyal edirəm.
- Bir çox idmançılar öz sahələrindən ötrü darıxmamaq üçün bu oyunları onlayn şəkildə oynayırlar. Siz hansısa oyunları oynayırsız?
- Xeyr, internet üzərindən voleybol oynamıram. Ümumiyyətlə, belə oyunun varlığından xəbərim yoxdur.
- Sizcə, virus voleybola nə qədər ziyan vuracaq?
- Bu fasilə bütün sahələrə olduğu kimi voleybola da ciddi ziyan vurur, xüsusən də voleybolçular bundan əziyyət çəkəcək. Çünki uzun müddət yarışlardan, məşqlərdən kənarda qaldıq.
- Ümumiyyətlə, gəzmək üçün harasa gedirsiz?
- Hərdən SMS vasitəsilə icazə alıb çölə çıxırıq. Lazım olan işlərimizi görürük. Amma hazırda uzunmüddətli getmək və ya idman üçün əlverişli yer yoxdur. Qaydalara riayət edilir.
- Sosial şəbəkələrdə bir çoxları deyir ki, ər-arvad evdə çox qaldıqdan sonra bezmişik. Zarafatla karantindən sonra boşanacaqlarını yazırlar. Siz yorulmamısız bir-birinizi görməkdən?
- Yox, bizdə əksinədir, bezmirik. Çünki ilin çox hissəsini məşqlərdə, xarici ölkələrdə yarışlarda oluruq. Bir yerdə vaxt keçirməyə imkan olmur. Karantində əlimizə fürsət düşüb.