Macarıstanda qadın voleybolçuların çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən iki üzvü 8-ci turda bir-birinə rəqib olub. 

Blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" toppaylayıcımız Şəfaqət Alışanovanın formasını geyindiyi "Jazsbereny" klubu ilə üz-üzə gəlib.

Oyun meydan sahibi "Vasas"ın üstünlüyü ilə başa çatıb. 4 set davam edən matçda Ayşən və rəfiqələri 3:1 hesabı ilə qələbə qazanıblar.

İki voleybolçumuzun üz-üzə gəldiyi qarşılaşmada Ayşən Abduləzimova 24 xal qazanıb. O, bu xallardan 14-nü hücumda, 5-ni blokda, 5-ni isə eyslə qazanıb. 

Oyunqurucumuz Şəfaqət də xal qazananlar sırasında yer alıb. Alışanova rəqibi 2 dəfə məyus edib. O, 1 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.