Millimizin üzvü Macarıstanda bürünc medal uğrunda ilk qələbəsini qazandı
- 27 Apr 2023 13:00
- 298
Macarıstanda çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova bürünc medal uğrunda mübarizə başlayıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Szent Benedek"in bu mərhələdə rəqibi "Fatum" klubudur.
Cütün ilk görüşü voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Gərgin keçən birinci seti Nikalina və rəfiqələri qalib başa vurublar. Növbəti hissələri də öz aktivinə yazdıran "Szent Benedek" meydandan quru hesablı qələbə ilə ayrılıb - 3:0 (26:24, 25:19, 25:22).
Komandasının bürüncmedal uğrunda ilk qələbəsini qazandığı qarşılaşmada yığmamızın üzvü 11 xal qazanıb. Başnakova rəqibi 10 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, bu komandaların növbəti oyunları aprelin 29-da və mayın 4-də baş tutacaq. Ümumilikdə üç qələbə qazanacaq tərəf Macarıstan çempionatının bürünc medalçısı olacaq.