Millimizin yeni baş məşqçisi kim olacaq?
- 10 İyl 2020 12:41
- 1018
Bu gün Azərbaycan millisinin baş məşqçisi müəyyənləşə bilər. Bununla bağlı AFFA-nın İcraiyyə Komitəsinin saat 15:00-da videokonfrans formatında iclası keçiriləcək. Hazırda millimizi idarə etməyə əsas namizədlər italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və azərbaycanlı mütəxəssis Arif Əsədovdur. Sonuncu ehtiyat namizəd sayılır.
Azərbaycanlı futbolsevərlər A.Əsədovu yaxşı tanıdıqlarına görə, əcnəbi mütəxəssislərin keçdikləri həyat yolu barədə məlumat verməyi lazım bildik.
Roy Kin 1993 - 2005-ci illərdə “Mançester Yunayted” klubunda çıxış edib. O, 1997-ci ildə Erik Kantonanın gedişindən sonra “qırmızı şeytanlar”ın kapitanı olub. Keçmiş yarımmüdafiəçi bu müddət ərzində 7 dəfə İngiltərə çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. 1998/1999 mövsümündə Çempionlar Liqasının qalibi olmuş keçmiş oyunçu 1991-2005-ci illərdə İrlandiya yığmasının formasını geyinib.
Baş məşqçi kimi isə Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin “Nottingem Forest” klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Onun son iş yeri 2009 - 2011-ci illərdə “İpsviç Taun” klubunda olub. Kin 2006/2007 mövsümündə “Sanderlend” komandası ilə Çempionşipin qalibi olub. İrlandiyalı mütəxəssis 2007-ci ilin fevral və mayında iki dəfə bu liqada ayın məşqçisi seçilib. O, həm də İrlandiya yığmasında 2013-2018-ci illərdə köməkçi-məşqçi kimi çalışıb.
Futbolçu kimi elə də ciddi uğurları olmayan Canni De Byazinin əsas nailiyyəti məqçilik karyerası ilə bağlıdır. İtaliyada “SPAL”, “Modena”, “Breşiya”, “Torino” və Udineze" kimi komandalara rəhbərlik etmiş 64 yaşlı mütəxəssis ilk iki kollektivlə C Seriyasının qalibi olub. O, ən böyük uğurunu isə millidə çalışarkən qazanıb. 2011 - 2017-ci illərdə Albaniya yığmasına başçılıq etmiş Canni De Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun sonuncu iş yeri isə İspaniya “Alaves”i olub. Təcrübəli mütəxəssis 2017-ci ildən işsizdir.
Millimizin baş məşqçisi kim olmalıdır kimi suallar ətrafında ciddi müzakirələr açılıb. Eyni zamanda bizə baş məşqçi lazımdırmı kimi suallar da meydana çıxıb. Bu da səbəbsiz deyil. Çünki indiyə qədər Azərbaycan millisinə rəhbərlik edən heç bir mütəxəssis bizləri sevindirə bilməyib. Bütün bunlarla yanaşı, əcnəbilərə deyil, yerli məşqçilərə üstünlüyün verilməsinin vacibliyi də yenidən gündəmə gəlib.
Kənan Məstəliyev
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev AFFA-nın ünvanına tənqidi fikirlər səsləndirdi: “Nə olursa-olsun, milli komandanın başsız qalması xoş hal deyil. Çempionat keçirilmirsə belə, kimsə ölkənin əsas yığmasına cavabdeh olmalı, onun cari və perspektiv problemləri ilə maraqlanmalı, təkliflər verməli, addımlar atmalıdır. Amma Azərbaycanda bu iş o qədər qeyri-peşəkar səviyyədə qurulub ki, harasından baxsan əyrilik görünür. Məsələ ondadır ki, milli komandanın baş məşqçisinin kimliyinə çoxdan aydınlıq gəlməliydi. Həvəskar Nikola Yurçeviçin əvəzinə mütləq şəkildə digər əcnəbi tapmaq fikri AFFA-nı, ardınca da ölkə futbolunu çıxılmaz vəziyyətdə qoydu. Federasiya məşqçiylə müqaviləni hələ ötən ilin dekabrında pozmuşdu. Əvəzini isə martın ortalarına qədər tapa bilmədi. Əvəzində Konfransı ortaya saldılar, Elxan Məmmədovun səlahiyyətlərini artırdılar, milli komanda yaddan çıxdı. Halbuki bu müddətdə normal məşqçi tapıb təyin etmək olardı və bu, dəhşətli bir çətinlik törətməzdi. Amma kreslo şirin şeydi axı... İndi ayılıb yığmanı payızdakı Millətlər Liqasına hazırlayacaq məşqçi axtarırlar, özü də əcnəbi. Çempionat yoxdu, nə vaxt başlayacaq bilinmir, ümumiyyətlə, proseslərin sonu barədə müəyyənlik yoxdu, amma bunlar əcnəbi məşqçi axtarırlar. Lap Yurgen Klopp gəldi, deyək. Haradan seçəcək, hansı oyunçuların oyununu izləyəcək, millini necə quracaq, bilinmir. Ən real namizəd olan Canni De Byazinin bizim, məsələn, Əfran İsmayılovu tanıyıb öyrənməsi, onun milliyə layiq olub-olmadığına qərar verməsi üçün azı yarım il lazımdı. O da təbii ki, gələn kimi ”məndən nəticə istəməyin, çünki futbolunuza bələd deyiləm" deyəcək, düz də edəcək. Bu müddətdə isə Millətlər Liqası əldən çıxacaq. Belə olacaqsa, I Divizionun illik büdcəsini xarici mütəxəssisə xərcləməyə nə ehtiyac var? Ölkə böyük iqtisadi böhranla üz-üzədi, ciddi problemlər gözlənilir. Bu durumda AFFA-nın addımları absurd, yanlış, məntiqsiz qərarlar və istəklərdi. Milli mütləq şəkildə ölkə futboluna yaxından bələd, daha az məvacibə iş görə biləcək yerli məşqçiyə - Rəşad Sadıqov kimi nəhəng hazırda boşdur və təklif gözləyir - tapşırılmalıdır".
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlının da fikirləri sərt oldu: “Bunu dəfələrlə vurğulamışıq ki, Azərbaycan yığmasına əcnəbi baş məşqçi lazım deyil. Çünki bizim hazır materialımız, milliyə uğur qazandıracaq futbolçularımız olmadığı üçün heç bir məşqçi yığmada nəticə verə bilməz. Dəfələrlə yazmışıq ki, yığmanı yerli baş məşqçi çalışdırmalıdır. Əcnəbilər üçün nəzərdə tutulmuş vəsait isə bölgələrdə uşaq futbolunun inkişaf etdirilməsi üçün infrastrukturun qurulmasına yönəldilməlidir. Biz yazmışıq, demişik, AFFA rəhbərliyi isə oxumayıb, eşitməyib. İndi bütün dünya koronavirusla mübarizə aparır. Yığma komandaların bu il meydana çıxıb-çıxmayacağı bəlli deyil. Amma AFFA yığmaya baş məşqçini israrla xaricdə axtarır. Nə koronavirusla mübarizəni nəzərə alırlar, nə virusun iqtisadiyyata vurduğu ziyanı, nə də ictimai rəyi. Deməli, ortada idman prinsipləri yox, başqa məsələlər rol oynayır. Ölkədə korrupsiyaya qarşı mübarizə gedir. Demək ki, bu mübarizə AFFA funksionerlərinə təsir etmir. Azərbaycanın pulunu xaricilərə verməkdə israrlıdırlar. Bilə-bilə ki, əcnəbinin yığmada çalışmasının heç bir effekti olmayacaq. İctimaiyyət öz etirazını bildirir. Amma bu etiraz AFFA-nı durdurmur. Görünür, məsələyə qara maskalılar, prokurorluq əməkdaşları qarışmalı olacaqlar ki, futbolun inkişafı üçün dövlətin ayırdığı vəsait kimlərinsə şəxsi maraqları naminə sərf olunmasın”.
“Yeni Müsavat”