Heç kimə sirr deyil ki, Azərbaycan futbolundakı əsas problemlərdən biri də hərbi xidmər yaşı çatmış futbolçuların əsgərliyə getməsi, geri döndükdən sonra isə böyük əksəriyyətinin futbolla vidalaşmasıdır. Halbuki daha əvvəllər ölkədə mövcud olan hərbi komandalar sayəsində bu problem həll olunurdu. Bu mənada uzun fasilədən sonra "Dinamo"nun bərpası da müsbət məqam oldu. Elə U-19 millisinin baş məşqçisi Aqil Nəbiyev də bu fikirdədir.

Rekord.az-a açıqlamasında Nəbiyev məsələyə belə münasibət bildirdi: "Milli üzvlərinin hərbi xidmət yaşları çatanda üzləşdikləri problemləri hamımız bilirik. Təbii ki, bu problem milli məşqçilərinin də işinə ciddi təsir edir. Amma hərbi komandalar olsa, həmin futbolçular orada həm əsgərliklərini çəkərdilər, həm də futbollarını oynayıb formada qalardılar. Bu mənada "Dinamo"nun yenidən bərpası sevindirici haldır. O ki qaldı, hərbi komandalarla hansı formada iş birliyi qurulmalıdır, sistem necə olmalıdır, bu haqda mənim nə isə deməyim düzgün çıxmazdı. Amma inanıram ki, AFFA rəhbərliyi, aidiyatı şəxslər məsələ üçün ən uyğun nöqtəni tapacaq".